Yuxarı

Azərbaycan Prezidenti ​yeni Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb

Sərəncamla Nazirlər Kabinetinə və İqtisadiyyat və Sənaye Nazirliyinə müvafiq tapşırıqlar verilib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə imzalanıb.

Sərəncamla Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkı yaradılır. Müəyyən edilir ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli fərmanının 4-cü hissəsi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi Mingəçevir Sənaye Parkının ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməlidir. Həmçinin, nazirlik MMC-yə Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Nazirlər Kabinetinə isə Mingəçevir Sənaye Parkının fəaliyyəti üçün “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə MMC-nin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi