​Siyavuş Novruzov: "Yaşlı nəslin nümayəndələrinin partiyaya qəbulunu dayandırmışıq" - MÜSAHİBƏ

​Siyavuş Novruzov: "Yaşlı nəslin nümayəndələrinin partiyaya qəbulunu dayandırmışıq" - MÜSAHİBƏ YAP hökumətə yeni konsepsiya təqdim edəcək
Daxili siyasət
15 Fevral , 2016 10:22
​Siyavuş Novruzov: Yaşlı nəslin nümayəndələrinin partiyaya qəbulunu dayandırmışıq - MÜSAHİBƏ

YAP hökumətə yeni konsepsiya təqdim edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun "Report"a müsahibəsi:

- YAP-ın 670 minə yaxın üzvü var. Partiya rəhbərliyi keyfiyyət meyarını əsas götürməklə təşkilat sıralarına yenidən baxa bilərmi?

- YAP-ın sıraları günü-gündən genişlənir. Təkcə 2015-ci ildə partiya sıralarına 20 min nəfər üzv qəbul edilib. Bunların da 75 faizi gənclərdir. Qəbul məsələsinə çox ciddi yanaşırıq. Yaşlı nəslin nümayəndələrinin YAP-a qəbulunu dayandırmışıq. Yaşlı insanlar üzvlük üçün müraciət edərkən onlarla bağlı araşdırma aparırıq. Araşdırmanın nəticəsindən asılı olaraq, qərar qəbul edəcəyik. Tutaq ki, 50-60 yaşlı insan partiyaya üzv olursa, deməli, burada hansısa məqsədi var. Belə hallar bir neçə dəfə olub. Elə insanlar olub ki, bələdiyyə seçkilərində qələbə qazanmaq üçün partiya sıralarına üzv olub. Biz belə halların qarşısını alırıq. Bötüvlükdə isə partiya inkişaf edir, süni nəsə yoxdur.

- YAP-ı sərt təndiq edən partiya üzvlərinin, o cümlədən Eldar Sabiroğlunun partiya sıralarından xaric edilməsi müzakirə olunurmu?

- Yeni Azərbaycan Partiyasının daxilində təşkilatı tənqid edən yoxdur. YAP-ı tənqid etmək üçün əsas olmalıdır, çünki ölkədəki ictimai-siyasi proseslərdə partiyamız aktiv iştirak edir. Ötən il Milli Məclisə keçirilən seçkilər bunu bir daha sübut etdi. Bilirsiniz ki, YAP parlamentə 71 mandat qazandı. Bu, xalqın partiyaya dəstəyi idi. Kimsə partiyanı tənqid edirsə, bu, başadüşülən deyil. Bir qrup insan var ki, gündəmdə qalmaq üçün belə addımlar atırlar. Buna baxmayaraq, partiya işini yüksək səviyyədə davam etdirir. Bir neçə gün öncə YAP-ın İdarə Heyətinin iclasında partiyanın fəaliyyətinin qiymətləndirilməsi məsələsi müzakirəyə çıxarıldı. İclasda partiyanın 2015-ci il fəaliyyəti yüksək qiymətləndirildi.

- Ümumiyyətlə, partiyada təndiqlər müzakirə olunurmu?

- Əlbəttə, tənqid varsa, müzakirə olunur. Əslində, deyilənlər tənqid deyil. Bəzi insanlar var ki, mətbuat onları yada salmır. Onlar YAP-ın adını çəkməklə mətbuatın diqqətini çəkməyə çalışırlar. Prezident İlham Əliyevin, ictimaiyyətin yadına düşmələri üçün müxtəlif fikirlər səsləndirirlər. Bu da bizə bəllidir.

- Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasında təmsil olunacaq üzvlərini müəyyənləşdiribmi?

- Mərkəzi Seçki Komissiyası marta qədər formalaşacaq. Hazırda YAP-da bununla bağlı hazırlıq işləri gedir. Bəzi məsələlər həll edildikdən sonra partiyanın İdarə Heyətinin qərarı ilə namizədlərimizi müəyyən edəcəyik.

- Hazırkı tərkibdə dəyişiklik gözlənilirmi?

- Bu, İdarə Heyətinin səlahiyyətinə daxildir. Belə ki, namizədlər İdarə Heyətinə təqdim olunur, orada baxılır, sonra da qərar qəbul edilir.

- Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hökumət nümayəndələri regionlarda görüşlər keçirirlər. Bu görüşlərdə əsasən rayon idarə və təşkilatlarının nümayənədələrinin iştirak etdiyi bildirilir. Görüşləri geniş formatda təşkil etmək olmazmı?

- Təbii ki, bu, ilk mərhələdir. Birinci mərəhələdə bölgənin ziyalıları, tanınmış şəxsləri iştirak edir. Çünki bunlar söz sahibidirlər, məktəbə, xəstəxanaya rəhbərlik edən şəxslərdir. Növbəti mərhələdə dövlət qurumlarının rəhbərləri, YAP-ın nümayəndələri bölgələrdə digər xarakterli görüşlər də keçirəcək. Bu işlərin görülməsi planda var, qısa müddətdə həyata keçirəcəyik.

- Hökumətdə kadr islahatlarının aparılması gözlənilirmi?

- Kadr islahatları davam edəcək. Ayrı-ayrı sahələrin özəlləşməsi, dövlət müəssisələrinin birləşdirilməsi davam edəcək, kadr islahatları aparılacaq. Prezidentin göstərişi belədir ki, ixtisara düşən insanlar işsiz qalmamalıdırlar. Bu istiqamətdə ciddi addımlar atılır.

- Azərbaycanın bir sıra müxalif partiyaları yaranmış böhranla bağlı təkliflər paketini hökumətə təqdim ediblər. Bu təkliflərə baxılırmı?

- Hər bir partiyanın, o cümlədən müxalifət partiyalarının işi alternativ təkliflər verməkdir. Müxalifət elə söyüş söyməklə məşğul olası deyil ki... Onlar təkliflər verməlidirlər, yəni, hökumət hansısa nöqsanları görmürsə, müxalifət təklif verməklə dəstək olmalıdır. Təkliflərin hər biri nəzərdən keçirilir. Yeri gəlmişkən, bir məsələni də qeyd edim, Yeni Azərbaycan Partiyasının İqtisadiyyat və Sosial-Siyasət komitələrinin birgə tədbiri keçirilib. Tədbirdə manatın devalvasiyası, sosial təminatla bağlı müzakirələr aparıldı. Ölkədə baş verənlərlə əlaqədar yeni konsepsiya hazırlanıb hökumətə təqdim olunacaq. Yəni, Yeni Azərbaycan Partiyası da bu istiqamətdə addımlar atır, təkliflər hazırlayır.

- İqtidar-müxalifət dialoqu olacaqmı?

- Əlbəttə. Bu məsələlər müzakirə olunur. YAP-da bu işlə partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov məşğul olur. Yəqin ki, dialoq olacaq.

- Fəaliyyət göstərməyən, o cümlədən formal illik maliyyə hesabatı təqdim edən partiyalarla bağlı təklifləriniz nədən ibarətdir? Bir müddət öncə, bildirmişdiniz ki, hesabat verməyən partiyaların qeydiyyatı, rekvizitləri ləğv olunmalıdır...

- Qanun layihəsi hazırlanır. Hazırlandıqdan sonra Milli Məclisə təqdim olunacaq. Təkliflərimiz də qanun layihəsində əksini tapacaq. Azərbaycan qanunvericiliyində siyasi partiyaların hesabat vermələri əksini tapıb. Amma hesabat vermədiyi təqdirdə atılacaq addım qeyd olunmayıb. Bu məsələnin üzərində işləyirik.

- Bəs formal, ağ kağızdan ibarət illik maliyyə hesabatı təqdim edən partiyalarla bağlı hansı addımlar atılacaq?

- Hesabatlarını ağ kağız təqdim edən partiyalarda onlarla insan çalışır. Bu insanlar vergiyə cəlb olunmalıdır. Onlarla bağlı hüquqi ölçü götürülməlidir.

Son xəbərlər

Orphus sistemi