81 nəfərə bir milyon manatdan çox zərər vuran qadının məhkəməsində zərərçəkmişlər dindirilib

81 nəfərə bir milyon manatdan çox zərər vuran qadının məhkəməsində zərərçəkmişlər dindirilib "Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Daxili siyasət
30 Noyabr , 2023 11:47
81 nəfərə bir milyon manatdan çox zərər vuran qadının məhkəməsində zərərçəkmişlər dindirilib

"Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Zərərçəkmiş Aygün Hadıyevanın sözlərinə görə, həmin qrupa Səfiyyə xanım vasitəsilə qoşulub: "Mən ona çox suallar verdiyimə görə hər dəfə sözümü kəsirdi. Kampaniyaya 2022-ci ilin mayında qoşulmuşam. Səfiyyə xanım mənə dedi ki, bu, qadınlar arasında kampaniyadır. Sözün düzü, yardım fondu eşitmişdim, amma yardım kampaniyası yox. Mənə dedilər ki, 180 manat qoydunsa, 2 min 200 manat götürəcəksən. 3 ay keçdi, amma o pul olmadı. Sonra məni 5-ci qrupa qoşdular. Dedilər adamlar qoşsan, sənin qazancın daha çox olacaq. Mən də anamı, bacımı, əmimin gəlini və onun bacısını qoşdum. Onlardan da ümumilikdə 9 min 653 manat alaraq o qrupa yatırdım. Ancaq yenə həmin proses təkrarlandı. Qızıllarımı, mal-qaramı və evimi satıb o adamların pulunu qaytardım. İndi borc içində üzürəm".

Zərərçəkmiş Səbinə Həsənova isə deyib ki, bu "oyuna" yaxın rəfiqəsi vasitəsilə qoşulub: "Mənə dedi ki, belə bir oyun var - pul qoyursan, onun iki qatını götürürsən. Amma bu "oyun"un tam mahiyyətinin nədən ibarət olmasını demədilər. Mən də qızıllarımı satıb bu "oyun"a qoydum. Rəfiqəm dedi ki, bunun arxasında böyük iş adamı durur və dövr olunan puldan bizə artıq pul veriləcək. Ancaq bir qəpik də pul götürə bilmədim. Ümumilikdə, mənə 2 min 600 manat ziyan dəyib".

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp” qrupu yaradıb. O, bu qruplar vasitəsi ilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. Belə ki, o vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi