Yuxarı

​Sərdar Cəlaloğlu bir neçə partiyanın yaratdığı koalisiyaya qoşulmamasına aydınlıq gətirib

Necə ola bilər ki, partiya sədriyəmsə, başqa bir partiyanın sıravi üzvü ilə bir masada oturam, o da tərəf kimi çıxış etsin?

Bakı. 8 fevral. REPORT.AZ/ "Siyasi partiyaların yaratdığı "Anti-böhran koalisiyası"nın təşkilati məsələlərində razılaşmadığımız məqamlar var. Ona görə də müşahidəçi qismində iştirak edirik. Təbii ki, proseslərdə aktivlik göstəririk. Amma müəyyən şərtlər var ki, onlarla razılaşdmadığımız üçün məsuliyyəti bölüşmürük".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, koalisiyanın təşkilatlanmasında nəzəri əsaslara üstünlük verilməlidir: "Bu şərt orada tam ödənmir. Əvvəlcədən də qeyd etmişəm ki, bizim heç bir qrup marağımız yoxdur. Amma burada həm də keyfiyyət məsələsi əsasdır. Koalisiyanın tədbirində hansısa partiya lideri ilə başqa bir partiyanın sıravi üzvü yanaşı oturur. Bunu anlaya bilmirəm. Yəni necə ola bilər ki, partiya sədriyəmsə, başqa bir partiyanın sıravi üzvü ilə bir masada oturam, o da tərəf kimi çıxış etsin?".

S.Cəlaloğlu qeyri-hökumət təşkilatlarının koalisiyanın tədbirlərinə dəvət edilməsinin də anlaşılan olmadığını bildirib: "Qanunvericilikdə siyasi partiyalarla qeyri-hökumət təşkilatlarının fəaliyyət istiqamətləri fərqlidir. Belə olan halda fəaliyyətimizi necə uzlaşdıra bilərik. Bizdə çatışmayan bir məsələ də hamının rəhbərlikdə təmsil olunmaq istəməsidir. Nümayəndələrin çoxluğu da problem yaradır. Çünki belə olanda halda iclasların çağırılması çətinlik yaradır. Çox güman ki, prosesin gedişində dediyimiz məsələlər həllini tapacaq. Koalisiya düzgün təşkilatlanacaqsa, uğur əldə edəcək".

Qeyd edək ki, bir qrup partiya sədrinin təşkilatçılığı ilə "Antiböhran koalisiyası" yaradılıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və "Ağ blok" hərəkatı daxildir.

ADP isə koalisiyada müşahidəçi qismində iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi