YAP Xətai rayon təşkilatının sədrindən ilk açıqlama

YAP Xətai rayon təşkilatının sədrindən ilk açıqlama Vüqar Rəhimzadə: Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Daxili siyasət
704
11 Sentyabr , 2021 10:49
YAP Xətai rayon təşkilatının sədrindən ilk açıqlama
Vüqar Rəhimzadə

“Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların mövcudluğu üçün zəruri addımlar atılır, onların dövrün, zamanın tələblərinə uyğun təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Azərbaycan hakimiyyəti müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Dövlət başçısı İlham Əliyev 2018-ci il prezident seçkilərində parlaq qələbəsindən sonra andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdir. Bu fikir daim önə çəkilir ki, islahatların həyata keçirilməsi labüddür. Ona görə ki, həyat yerində durmur, daim qarşıya yeni vəzifələr qoyulur. Ölkə Prezidentinin rəhbərliyi ilə reallığa çevrilən sistemli islahatlar öz növbəsində siyasi münasibətlər sistemini də əhatə edir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır və bu prosesin davamlı olacağı bildirilir. Bütün bunların nəticəsidir ki, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, ümummilli maraqlar və xalqın rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir: “Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.

Diqqəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlərinə yönəldən Vüqar Rəhimzadə qeyd edib ki, bu tədbirlər siyasi dialoq mühitinin daha sağlam zəmində formalaşmasına öz müsbət təsirini göstərir: “Bu baxımdan hər bir görüşün dövrün aktual məsələlərinin müzakirəsinə həsr edilməsi təqdirəlayiq addımdır. Reallıq budur ki, dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti durmadan inkişaf edir. Qeyd etdiyimiz kimi, Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi oldu. Hazırda demokratik dəyərlərin təşviqinə xidmət edən bu kimi təşəbbüslərin icrası uğurla davam etdirilir. Zənnimcə, sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşün keçirilməsini bu prosesin növbəti mərhələsi hesab etmək olar”.

Təşkilat sədri son vaxtlarda siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılması fonunda onların fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlardan da bəhs edib. Bildirib ki, əksər siyasi partiyaların ofislərinin yenidən bərpası, qurultaylarının keçirilməsi üçün zəruri yerlərin müəyyənləşdirilməsi, bir neçə partiyanın qeydiyyatının təmin olunması bu diqqət və qayğının tərkib hissələridir: “Ən əsası "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması zərurəti gündəmə gətirilib və bununla bağlı konstruktiv təkliflər irəli sürülməkdədir. Hesab edirəm ki, bugünkü reallıqlarımız fonunda "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi də dövrün aktual çağırışları sırasındadır. Atılan addımlar siyasi dialoq mühitinin təkmilləşdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir”.

Qeyd edək ki, YAP İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasının qərarına əsasən, V.Rəhimzadə partiyanın Xətai rayon təşkilatına sədr təyin olunub.

Son xəbərlər

Orphus sistemi