YAP üzvlərinin sayı 688 mini ötüb

YAP üzvlərinin sayı 688 mini ötüb Ötən il partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib
Daxili siyasət
2 Fevral , 2017 15:19
YAP üzvlərinin sayı 688 mini ötüb

Bakı. 2 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda partiyanın YAP İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, YAP-ın tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. 

Baş nazirinin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edib. O bildirib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam edib: "Ötən ilin başlıca siyasi hadisəsi Azərbyacan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum oldu. YAP-ın təşəbbüsü ilə yaradılan “Yeni Azərbaycan” təşviqat qrupu referendumun təbliğat-təşviqat kampaniyasında yaxından və fəal iştirak etdi, qanunvericiliyin tələbləri çərçivəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdi. 26 sentyabrda keçirilən referendumda Azərbaycan vətəndaşları böyük seçici fəallığı nümayiş etdirdi, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə etdi. Bu, Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə yüksək etimadının parlaq nümunəsi oldu".

O vurğulayıb ki, təşviqat kampaniyasında partiyanın sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub. 

Ə.Əhmədov bildirib ki, hesabat ilində YAP bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib. 

Onun sözlərinə görə, hesabat dövründə YAP beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Azərbaycanın hakim partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.

Sədr müavini qeyd edib ki, YAP-ın sıralarına hesabat dövrü ərzində 23 min nəfərdən çox yeni üzv qəbul edilib. Beləliklə, partiya üzvlərinin sayı 688 min nəfəri keçib. Ötən il partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

Son xəbərlər

Orphus sistemi