Yuxarı

​YAP: Rüstəm İbrahimbəyovun Azərbaycana buraxılması humanistliyin göstəricisidir

İnsanın yaxınının yas mərasiminə gəldikdən sonra onun hüquq-mühafizə orqanlarına çağırılması humanistlik prinsiplərinə ziddir

Bakı. 29 mart. REPORT.AZ/ "İnsanın yaxınının yas mərasiminə gəldikdən sonra onun hüquq-mühafizə orqanlarına, hətta törətdiyi cinayətə görə belə çağırılması humanistlik prinsiplərinə ziddir".

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə kinodramaturq Rüstəm İbrahimbəyovun qardaşı, xalq yazıçısı Maqsud İbrahimbəyovun yas mərasimində iştirak etmək üçün Azərbaycana buraxılmasına münasibət bildirərkən deyib ki, bu presidentin özü Azərbaycan dövlətinin humanistliyini, insana diqqəti hər şeydən üstün tutduğunu göstərir: "Onun ölkədə sərbəst hərəkəti humanistliyin göstəricisidir".

Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı M.İbrahimbəyov 81 yaşında dünyasını dəyişib. O, I Fəxri xiyabanda torpağa tapşırılıb. Bununla bağlı onun qardaşı kinodramaturq Rüstəm İbrahimbəyov yaşadığı Moskva şəhərindən Bakıya gəlib. O, Bakıda bir neçə gün qaldıqdan sonra Rusiyaya dönüb.

Xatırladaq ki, Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqında səyyar vergi yoxlaması aparılıb. Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq zamanı Departamentin İstintaq idarəsində toplanmış materiallara əsasən müəyyən edilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330 000 manat pul vəsaitindən 267 130 manatı nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxlərə verilmişdir. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunmuşdur ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22 000 manat məbləğində pul vəsaiti talanıb.

Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyevaya Lalə Kamil qızına Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi