Yuxarı

YAP rəsmisi: "Avropa dövlətlərinin Azərbaycana yanaşması irqi, milli, dini ayrıseçkilikdən başqa bir şey deyil"

AŞPA-nın və ya başqa qurumların nə demələrindən asılı olmayaraq, biz öz yolumuzla gedəcəyik

Bakı. 24 iyun. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanla bağlı qəbul olunan qətnaməyə münasibət bildirib.

S.Novruzov "Report"a açıqlamasında deyib ki, qəbul olunan qətnamə AŞPA-nın Azərbaycana qarşı qərəzli olduğunun göstəricisidir: "Bu qətnamənin lehinə səs verənlərin kimliyi Azərbaycana bəllidir. Azərbaycanın artan nüfuzu, inkişafı, o cümlədən, ölkədə olan ictimai-siyasi sabitlik, xalqla iqtidarın bir yerdə olması, Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir beynəlxalq siyasi bloka qoşulmaması bəzi şəxsləri və dairələri narahat edir. Azərbaycanda bir neçə nəfərin həbsini bəhanə edərək belə qətnamələrin qəbulu yanlışdır. Diqqət edin, BMT qətnaməsində qeyd olunub ki, Ermənistan Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayonu işğal edib.

AŞPA-nın sessiyasında qəbul olunan qətnamədə isə ermənilərin təsiri ilə "Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon" ifadəsi "Dağlıq Qarabağ münaqişəsi" ilə əvəz olunub. Dağlıq Qarabağda 150 min insan yaşayıb, onun əksər hissəsi azərbaycanlı olub. İndi sual yaranır, orada yaşayan ermənilər həmin əraziləri necə işğal edə bilərdilər? Buradan görünür ki, AŞPA üzvləri Azərbaycana qarşı qərəzlidirlər. Avropa dövlətlərinin Azərbaycana yanaşması irqi, milli, dini ayrıseçkilikdən başqa bir şey deyil".

YAP rəsmisi qeyd edib ki, Avropa dövlətlərinin demokratiya adı altında Azərbaycana təzyiq etmələrinin səbəbi əksəriyyətə bəllidir: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır, bu istiqamətdə hər bir qurumun şəffaf fəaliyyət göstərməsi üçün işlər görülür. Azərbaycanda bəzi şəxslər ayrı-ayrı beynəlxalq təşkilatlardan pul alırsa, vergidən yayınırsa, deməli, burada şəffaflıq yoxdur. Həbs edilən həmin şəxslər sonradan casusluq ediblər, gizlin şəkildə Ermənistanın ərazisinə gedib, ölkədaxili sirləri ermənilərə ötürüblər. Onlar nə vaxtdan siyasi məhbus oldular? Həbs edilən şəxslər təşkilat rəhbəri olduqlarına görə deyil, casusluq fəaliyyətlərinə görə həbs olunublar. Azərbaycanda ilk Avropa Oyunları başlayandan müxtəlif təşkilatlar bəyanatlar verirlər. Onların bunu etməkdə məqsədləri Azərbaycanın təbii sərvətlərindən güzəştli istifadə etməkdir. Bunu görməyəcəklər, çünki Azərbaycanda xalqla iqtidar birdir, hamı ölkə prezidentini dəstəkləyir. Avropa Şurasının və ya başqa qurumların nə demələrindən asılı olmayaraq, bizim öz yolumuz var, bu yolla da gedəcəyik".

S.Novruzov vurğulayıb ki, heç bir dövlət Azərbaycana şərt qoya bilməz: "Avropa dövlətlərinin hər birində - Almaniyada, Fransada, İtaliyada kifayət qədər korrupsiya, insan hüquqlarının pozulması faktları var. Belə məsələlərdə Azərbaycanın adının qabardılması ikili standartlardan xəbər verir. Təsəvvür edin, Azərbaycan dövləti qərar verib ki, Dağlıq Qarabağın ərazisinə kimliyindən asılı olmayaraq gedən şəxslər "qara siyahı"ya salınsın və onların Azərbaycana səfəri qadağan olunsun. Ora Azərbaycanın işğal altında olan ərazisidir, ölkəmizin razılığı olmadan kiminsə Dağlıq Qarabağa getməsi qanunsuzdur. Bir müddət öncə fransalı nümayəndə Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma "seçkilər"lə əlaqədar müşahidəçi qismində oraya gedib. İndi Azərbaycana şərt qoyurlar ki, istəyirsinizsə, Azərbaycanda keçiriləcək parlament seçkilərinə Avropa Şurasının müşahidə missiyası göndərilsin, o zaman həmin şəxsin adını "qara siyahı"dan çıxarın. Bunlar nə qədər ədalətsiz, ikiüzlü, satqın, riyakardırlar?"

Qeyd edək ki, AŞPA-nın sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə qəbul olunub. Qətnamədə Azərbaycanda demokratik institutların fəaliyyətinin məhdudlaşdırıldığı iddia olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi