YAP: Bəzi KİV-lərdə məqsədli şəkildə partiyanın demokratik dəyərlərinə kölgə salan təbliğat aparılır

YAP: Bəzi KİV-lərdə məqsədli şəkildə partiyanın demokratik dəyərlərinə kölgə salan təbliğat aparılır Partiya bəyanat yayıb
Daxili siyasət
17 Fevral , 2016 15:00
YAP: Bəzi KİV-lərdə məqsədli şəkildə partiyanın demokratik dəyərlərinə kölgə salan təbliğat aparılır

Bakı. 17 fevral. REPORT.AZ/ "Bəzi kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbulla bağlı guya hansısa yaş senzinin tətbiq edilməsinə dair informasiyalar yayılır, məqsədli şəkildə partiyanın demokratik dəyərlərinə kölgə salan təbliğat aparılır".

Bu barədə "Report"a Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, partiyaya qəbul onun Nizamnaməsində müəyyən olunmuş prinsiplərə uyğun şəkildə həyata keçirilir və 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının Yeni Azərbaycan Partiyasına qəbul olunmaq haqqı təsbit olunur: "YAP-ın sıralarında bu gün bütün nəsillərin nümayəndələri fəaliyyət göstərir, bütün yaş təbəqələri təmsil olunur.Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına misilsiz töhvələr vermiş yaşlı nəslin nümayəndələrinin partiyanın yaranmasında, möhkəmlənməsində, siyasi və ictimai nüfuzunun artmasında xidmətlərini daim yüksək qiymətləndirib və bu gün də qiymətləndirir. Xüsusi qürur hissi ilə qeyd etmək yerinə düşər ki, YAP-ın sıralarında yaşlı və gənc nəsillərin nümayəndələrinin qarşılıqlı faydalı əməkdaşlığı siyasi proseslərdə nəsillərin varisliliyi prinsipinin təcəssümünə ən yaxşı misaldır. Biz eyni zamanda onu da məmnunluqla vurğulayırıq ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan, enerjisini çiçəklənən sabahımız uğrunda sərf edən gəncliyin Yeni Azərbaycan Partiyasının sıralarında geniş təmsil olunması partiyamızın böyük gələcəyindən xəbər verir".

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasını ölkənin bütün təbəqələrinin, nəsillərinin, demoqrafik qruplarının nümayəndələrindən ayrı təsəvvür etmək mümkün deyil: "Azərbaycançılıq və milli birlik ideyalarını real həyatda təcəssüm etdirən Yeni Azərbaycan Partiyasının gücünü və qüdrətini təmin edən mənbələrdən biri məhz bundan ibarətdir".

Son xəbərlər

Orphus sistemi