YAP icra katibinin müavini: "Banklara inamı yenidən bərpa etməliyik"

YAP icra katibinin müavini: "Banklara inamı yenidən bərpa etməliyik" "Son günlər evlərin qarət olunması, pulların oğurlanması geniş vüsət alıb"
Daxili siyasət
4 Mart , 2016 13:19
YAP icra katibinin müavini: Banklara inamı yenidən bərpa etməliyik

"Son günlər evlərin qarət olunması, pulların oğurlanması geniş vüsət alıb"

Bakı. 4 mart. REPORT.AZ/ "Son dövrlər bəzi qruplar tərəfindən dövlət strukturuna daxil olmayan kommersiya banklarında müxtəlif hadisələr baş verdi ki, bu da əhali arasında banklara olan inamı azaltdı. Halbuki illərlə Azərbaycan dövləti maliyyə sisteminin sabitliyini qoruyub-saxlamaqla yanaşı, əhalidə banklara inam yaratmışdı. Hesab edirəm ki, biz həmin inamı yenidən bərpa etməliyik". "Report"un məlumatına görə, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, vətəndaşların əmanətlərini sərbəst şəkildə banklarda yerləşdirmələri üçün geniş işlər görülməlidir: "Bu bir tərəfdən vətəndaşların gəlirlərini artırar, həm də bank sisteminə inam yaradar, eyni zamanda bankların digər şəxslərə kredit verməsinə köməklik göstərər. Digər tərəfdən, bununla cinayətkarlığın qarşısını da almış olarıq. Çünki son günlər evlərin qarət olunması, pulların oğurlanması geniş vüsət alıb. Hüquq-mühafizə orqanları bu kimi halların qarşısını ciddi-cəhdlə alır. Ümumilikdə, iqtisadi blokun inkişafı həm maliyyə sisteminin tənzimlənməsi, həm də bank sisteminin möhkəmlənməsi üçün çox vacibdir".

S. Novruzov eyni zamanda, mərc oyunları ilə bağlı qəbul edilən qərara da münasibət bildirib: "Onsuz da qeyri-rəsmi şəkildə bəzi yerlərdə mərc oyunları həyata keçirilirdi. Bəzi adamlar qrup şəklində pul yığırdı. Amma oradan dövlətə heç bir vergi gəlmir, əksinə ayrı-ayrı şəxslər varlanırdı. Ona görə də "Bədən tərbiyəsi haqqında" qanuna edilən dəyişiklik vasitəsi ilə bu kimi halların qarşısı alınacaq". 

Son xəbərlər

Orphus sistemi