Yuxarı

YAP icra katibinin müavini: "ABŞ-a etirazımızı bildirməliyik, amma kəskin sanksiya tətbiq etməməliyik"

Konqresdə ABŞ-Azərbaycan İşçi Qrupu fəaliyyət göstərir və onların vasitəsilə danışıqlar aparmalı, məsələnin həllinə nail olmalıyıq”

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deputat Rövşən Rzayevin “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinə münasibət bildirib. “Report” xəbər verir ki, o, həmkarının fikirlərinə tərəfdar olduğunu desə də, bu kimi addımları atmazdan əvvəl, müəyyən qədər götür-qoy edilməsini vacib hesab edib.

Komitə sədri bildirib ki, ABŞ Konqresində belə qanun layihələri erməni lobbisinin təhriki ilə hazırlanır və müzakirəyə çıxarılır: "Konqresdə Azərbaycana qarşı bir çox layihələrin müzakirəyə çıxarılmasına cavab olaraq Milli Məclisdə belə layihənin ortaya atılması ciddi şəkildə götür-qoy edilməlidir. Erməni lobbisi hər zaman bu cür addımları atmağa çalışır. Qeyd edim ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir. Buna görə də Azərbaycan bu ölkə ilə əməkdaşlığını davam etdirməlidir”.

O qeyd edib ki, konqresmen Kris Smitin müəllifi olduğu layihə ABŞ-ın birbaşa mövqeyi deyil: “Bu, sırf ermənipərəst konqresmenin mövqeyidir. Biz öz etirazımızı bildirməliyik, amma bu, bəzi mətbuat orqanlarında deyildiyi kimi, kəskin sanksiyalar olmamalıdır. Çünki Konqresdə ABŞ-Azərbaycan İşçi Qrupu fəaliyyət göstərir və onların vasitəsilə danışıqlar aparmalı, məsələnin həllinə nail olmalıyıq”.

Milli Məclisin sədri Oqtay Əsədov S.Novruzovun çıxışına cavab olaraq deyib ki, “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev hazırlayıb: "Rövşən Rzayev nə Azərbaycan hökuməti, nə də parlamentdir. O, sadəcə deputat kimi öz təklifini irəli sürür. Biz də bunu nəzərə alaraq göstəriş verdik ki, bu məsələyə komitələrdə baxılsın. Digər məyusedici məqam isə odur ki, bəzi KİV-lər ABŞ Konqresində hazırlanan layihənin Helsinki Komissiyası tərəfindən hazırlandığını deyir. Ancaq bəyan edirəm ki, bu layihə sırf o qrupun bir üzvü tərəfindən hazırlanıb. Odur ki, Helsinki qrupunun bu məsələyə heç bir aidiyyəti yoxdur. İlk növbədə bunu başa düşməliyik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi