Xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinin maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirəcək

Xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinin maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirəcək Prezident fərmanda dəyişiklik edib
Daxili siyasət
28 Dekabr , 2017 17:39
Xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinin maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının maddi-texniki və maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

“Report”un xəbərinə görə, bu, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin fərmanın 3-cü (Nazirliyin vəzifələri) hissəsinin 3.0.60-cı (Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəliklərindəki və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını həyata keçirmək) bəndi yeni redaksiyada verilir: “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının maddi-texniki və maliyyə təminatını həyata keçirmək”.

Fərmanın 5.5.8-ci (müvafiq dövlət orqanı ilə birgə təklif əsasında Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad edir) bəndi də yeni redaksiyada verilir: “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad edir, ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsinə dair təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir”.

Son xəbərlər

Orphus sistemi