“Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

“Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib “Report” xəbər verir ki, tədbirin giriş hissəsin
Daxili siyasət
18 Yanvar , 2023 16:46
 “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Qanlı Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirin giriş hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Birliyin sədri Şahin Rəhmanlı qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsi kimi tarixə yazılıb.

Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ümummilli məsələlərdə gənclərin aktivliyinin olduqca mühüm amil olduğunu qeyd edən Ş.Rəhmanlı gəncləri bu kimi proseslərdə yaxından iştirak etməyə çağırıb:

“Ardıcıl olaraq istər Qanlı Yanvar, istərsə də, digər əlamətdar günlərdə birlik tərəfindən sosial media kampaniyaları təşkil olunur. Bu tədbirlərin əsas məqsədi ölkə həqiqətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır”.

Daha sonra çıxışçılar – Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar jurnalist, 20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 33 il öncə Azərbaycan xalqının keçdiyi mübarizə yolundan söz açıblar. Natiqlər həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər.

Bildirilib ki, qanlı hadisələrdən düz 30 il sonra, 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvar xalqımız üçün təkcə hüzn günü kimi deyil, həm də milli qürur, milli iradəmizin zəfər çaldığı gün kimi tarixə düşdü.

Həmçinin diqqətə çatdırılıb ki, gənclər bu hadisələri heç zaman unutmamalı və qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməlidir.

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.

Qeyd edək ki, Birlik tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş sosial media kampaniyasının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, habelə 33 il öncə baş vermiş faciə barədə gənc nəslin məlumatlılığının artırılmasıdır.

Son xəbərlər

Orphus sistemi