Yuxarı

Vurğun Əyyubun Müsavat Partiyasının Məclis üzvlüyündən çıxarılması təklif edilib - ƏLAVƏ OLUNUB

 Vurğun Əyyub sosial şəbəkələrdə, mətbuatda bildirir ki, qəsdən Məclisin iclaslarında iştirak etmir

Vurğun Əyyubun açıqlaması əlavə olunub. İlk xəbər 12.07-də dərc olunub

Bakı. 27 dekabr. REPORT.AZ/ Vurğun Əyyubun Müsavat Partiyası Məclis üzvlüyündən çıxarılması məsələsi narazılığa səbəb olub.

“Report”un məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib ki, Məclis üzvü Vurğun Əyyub özünü Məclis üzvü hesab etmədiyinə görə üzvlükdən çıxarılmalıdır: “Məclis üzvlərinin sayı 119 nəfərdir. Amma bir nəfərlə bağlı anlaşılmazlıq var. Vurğun Əyyub sosial şəbəkələrdə, mətbuatda bildirir ki, qəsdən Məclisin iclaslarında  iştirak etmir. Biz bununla bağlı dekabrın 26-da müzakirələr apardıq. O, özünü Məclisin üzvü hesab etmir. Biz bunu nəzərə alaraq, onu üzvlükdən çıxarmalıyıq”.
Məclis üzvü Sabir Məmmədli buna etiraz edib. O bildirib ki, V.Əyyubun fikirlərinə görə partiyadan çıxarılması doğru deyil: “Sizi bolşevik təfəkkürlü fikirlərdən çəkinməyə çağırıram. V.Əyyubun bu cür mövqe sərgiləməsini bilirəm. O, partiyada bəzi problemləri görür deyə, belə deyir”.
Müsavat Qadınlar Birliyinin sədri də bu məsələnin müzakirə olunmasına etirazını bildirib.
Məclis üzvü Nemət Kərimli isə V.Əyyubun Məclis üzvlüyündən çıxarılmasına tərəfdar olduğunu deyib.
A.Hacılı bildirib ki, burada V.Əyyubun addımları, partiya ilə bağlı təndiqləri müzakirə olunmur, onun Məclis üzvlüyündən xaric olunmasından söhbət gedir: “Burada kommunist təfəkküründən söhbət belə gedə bilməz. Biz bu barədə V.Əyyuba bildirmişik, o da deyib ki, partiyanın qərarları onu maraqlandırmır. Amma biz ona xəbərdarlıq edirik, bir də Məclislə bağlı kənar fikirlər səsləndirməsin. Görürəm ki, onun çıxarılmamasını təkid edirsiz, ona görə də qərar səsə qoyulmur. Amma onun gələn Məclisdə iştirakı təmin edilməlidir”.

Vurğun Əyyub isə "Report"a açıqlamasında bildirib ki, nə qədər ki o məclis legitimləşməyib orada iştirak etməyəcək: "Legitimliyini tanımadığım yerdən məni çıxartmaq biraz gülünc görsənir. Adamı olduğu yerdən çıxararlar, olmadığı yerdən necə çıxara bilərlər. Mən nə o məclisi, nə də Arif Hacılının o məclisi aparmağını legitim hesab etmirəm". V.Əyyub bildirib ki, qurultaya aid səlahiyyətlər qurultay tərəfindən məclisə verilməyib: "Səlahiyyət verilmədiyi halda Məclis özü özünə seçki keçirir. Bu məsələləri mən doğru hesab eləmirəm və ona görə də Məclisin iclaslarında iştirak etmirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi