Vüqar Rəhimzadə: "Prezidentin Münhendəki bəyanatı Vətən müharibəsində Zəfərimizlə təsdiqləndi"

Vüqar Rəhimzadə: "Prezidentin Münhendəki bəyanatı Vətən müharibəsində Zəfərimizlə təsdiqləndi" "Ermənistan silahlı qüvvələri rəşadətli Ordumuz qarşısında diz çökdü"
Daxili siyasət
15 Fevral , 2021 17:33
Vüqar Rəhimzadə: Prezidentin Münhendəki bəyanatı Vətən müharibəsində Zəfərimizlə təsdiqləndi
Vüqar Rəhimzadə

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz perspektivlərlə yanaşı, Azərbaycanın bu Zəfərini şərtləndirən amillərə, ən əsası diplomatik müstəvidə qazandığı uğurlara nəzər salmağı da bir zərurətə çevirir. Vətən müharibəsində tarixi Zəfərimiz 30 ilə yaxın müddətdə münaqişənin hərbi, savaşın davam etdiyi dövrdə isə diplomatik müstəvidə həllinin mümkünsüzlüyünü bildirən Ermənistan hakimiyyətinə əsl həqiqəti çatdırdı. Bir daha işğalçıya və ona havadarlıq edənlərə sübut edildi ki, saxta tarix yazıb yalanları həqiqət kimi qəbul etdirməyə çalışmaq, ən əsası beynəlxalq hüququn prinsiplərini arxa plana keçirib zamanın hakimliyini, tarixin yaddaşını inkar etmək heç bir dövlətə uğur gətirə bilməz. Necə ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri rəşadətli ordumuz qarşısında diz çökdü, Nikol Paşinyan ölkəsinin kapitulyasiya aktına imza atdı, Azərbaycanın siyasi Qələbəsini təsdiqlədi”.

"Report" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti ötən il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə səsləndirilən fikirlərə və paralel olaraq ötən dövrdə münaqişənin həlli istiqamətində atılan addımlara yönəldərək bildirib ki, dövlətimizin başçısı daim ən yüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb: “Möhtərəm Prezidentimizin 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə sarsıdıcı diplomatik zərbə oldu. Diqqəti BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə yönəldən Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həqiqətlərimizin təbliği, münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əsas tribunalardan biri də ənənəvi keçirilən Münhen Təhlükəsizlik Konfransıdır ki, Azərbaycan bu tribunadan da maksimum istifadə edərək erməni yalanların ifşa etmiş, hər zaman haqqa, ədalətə çağırış etmişdir”.

"Möhtərəm Prezidentimiz İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötən il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə də dövlətimizin başçısı bir daha qarşı tərəfə sözün əsl mənasında tarix və hüquq dərsi keçdi. Dövlətimizin başçısı “Biz həqiqətləri söyləməliyik” fikrinin ardınca tarixə nəzər salıb Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını faktlar əsasında bir daha beynəlxalq auditoriyaya çatdırdığı halda Ermənistanın baş naziri tarixlə bağlı mücərrəd fikirləri ilə özünü gülünc vəziyyətinə salmış, yeganə amalı, məqsədi iştirakçıların diqqətini yayındırmaq və çaşqınlıq yaratmaq olmuşdur. Amma Nikol Paşinyan unutdu ki, bu təlxəkliyinin ömrü uzun ola bilməz. İşğalçı ölkənin baş naziri beynəlxalq hüququ, tarixi nə qədər inkar etməyə çalışsa da, bunun uzunmüddətli olması mümkün deyil. Beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq amillərinin əsas yer tutduğunu önə çəkən Azərbaycan gücləndi, bütün sahələrdə qazandığı təcrübəni birləşdirdi, Ermənistana layiq olduğu yeri göstərdi. 30 ilə yaxın müddətdə münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bildirən işğalçı Ermənistan danışıqlar prosesini uzatmaqla əlavə vaxt qazanmağın acı nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində gördü. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan müzakirələrdə təlxəkliyi ilə yadda qalan Ermənistanın baş naziri Nikol Paşinyan dünya ictimaiyyətinin 25-30 ildə Azərbaycan və Ermənistan liderlərindən eyni sözləri təkrar eşitməsindən nə zamansa yorulacağını bildirəndə özünü necə gülüş obyektinə çevirdiyindən xəbərsiz idi. Bir daha işğalçıya xatırladıldı ki, beynəlxalq hüquq hər bir məsələnin həllində əsasdır. Başına çəkilən sığallardan ərköyünləşən, həqiqətləri eşitməkdən utanmaq əvəzinə, beynəlxalq ictimaiyyətin adından özünü yorğun hiss edən Paşinyan Azərbaycanın apardığı Vətən müharibəsinin təcavüzkara verdiyi tarixi dərsi ömür boyu unutmamaqla yanaşı, əsl yorğunluğunu biabırçı məğlubiyyətləri ilə yaşadı”, - V.Rəhimzadə vurğulayıb.

Baş redaktor bildirib ki, artıq nəinki Münhen Təhlükəsizlik Konfransındakı müzakirələr, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 44 günlük İkinci Qarabağ müharibəsi həm qeyd olunan konfransda Azərbaycan liderinin səsləndirdiyi tarixi həqiqətlərin, Azərbaycanın haqlı mövqeyinin, həm də bütövlükdə bu illər ərzində diplomatik müstəvidə qazanılan uğurlarımızın təqdimatı oldu: “Məhz bu illər ərzində münaqişənin həlli ilə bağlı yaradılan möhkəm hüquqi baza döyüş meydanında Qələbəmizi şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantına üstünlük veriləcəyi şəksizdir. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması haqqın, ədalətin Zəfərinin əyani təsdiqidir”.

Son xəbərlər

Orphus sistemi