Yuxarı
    Bağlamaq

    Vüqar Rəhimzadə: "Prezidentin fərmanı məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür"

    Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir”

    Bakı. 24 yanvar. REPORT.AZ/ “Möhtərəm Prezidentimiz hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı İlham Əliyevin vurğuladığı kimi, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Əməkhaqqı və pensiyalar artırılıb, yeni sosial obyektlər istifadəyə verilib, insanları narahat edən problemlər aradan qaldırılıb. Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir.”

    "Report" xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib. 

    Ölkə Prezidentinin müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsinə münasibət bildirən V.Rəhimzadə bunu həyata keçirilən uğurlu sosial siyasətin davamı kimi qiymətləndirib: “Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir. Bu günlərdə möhtərəm Prezidentimizin Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Məqsəd dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsidir. Hesab edirəm ki, bu Fərman məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür.”

    YAP Siyasi Şurasının üzvü deyib ki, 2017-ci ildə də sosial məsələlərin həlli diqqət mərkəzində olacaq: “İndi hər birimiz bu sahədə əsaslı islahatların həyata keçirildiyinin şahidiyik. Azərbaycan Respublikasında əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqı artırıldı. Bununla yanaşı, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında ölkə başçısı müvafiq Sərəncamı imzaladı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək tapşırıldı. Göründüyü kimi, qanunvericilik bazası daha təkmilləşdirilir və əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına əlverişli zəmin yaradılır. Sosial müdafiəyə ehtiyacı olan hər kəs daim dövlətin qayğısını hiss edir və bundan sonra da edəcək. Bu baxımdan hesab edirəm ki, 2017-ci ildə qarşıda duran sosial məsələlər uğurla icra ediləcək.” 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi