Vitse-spiker: "Milli Məclis vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda maraqlıdır"

Vitse-spiker: "Milli Məclis vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda maraqlıdır" "Azərbaycan bır sıra sahələrdə dünyaya nümunə olduğu kimi, bu məsələdə də dünyaya nümunə kimi çıxış edir"
Daxili siyasət
4 Dekabr , 2014 12:36
Vitse-spiker: Milli Məclis vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda maraqlıdır
Bakı. 4 dekabr. REPORT.AZ/ "Bu gün dünyanın qarşısında dayanan ən vacib problemlərdən biri İİV xəstəliyinə qarşı mübarizə üsullarıdır. Odur ki, istər dünyada, istərsə də Azərbaycanda İİV-ə qarşı mübarizə cəmiyyətlə birgə aparılmalıdır". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin (MM) Sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı parlamentin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, ölkənin "İİV haqqında" qanunu dünyada model qanun kimi qəbul olunub və Azərbaycan bir sıra sahələrdə dünyaya nümunə olduğu kimi, bu məsələdə də dünyaya nümunə kimi çıxış edir.

B.Muradova eyni zamanda, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirərək qeyd edib ki, bu qurum, nəinki adıçəkilən qanunun hazırlanmasında, eləcə də parlament tərəfindən qəbul olunan qanunların real həyatda işləməsi, onlarda nöqsanların, boşluqların üzə çıxarılması, onların qanunyaradıcılığı prosesi gedişində nəzərə alınması, yeni çağırışların ortaya qoyulmasında MM-lə birgə fəal əməkdaşlıq edir və etməkdədir.

Vitse-spiker elə bu səbəbdən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə "İİV haqqında" qanunun monitorinqinə həsr olunmuş ictimai dinləmələrin parlamentin qanunyaradıcılığı prosesinə və bütövlükdə İİV-lə mübarizəyə öz müsbət töhfəsini verəcəyini vurğulayıb.

B.Muradova, həmçinin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları ilə parlamentin sıx əməkdaşlıq etdiyini və bunun da hər iki tərəfə müsbət təsir göstərdiyini söyləyib: "Elə bugünkü ictimai dinləmələri də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq yönündə növbəti uğurlu addım hesab etmək olar. Onu da deyim ki, nəinki Sosial siyasət komitəsi, eləcə də digər komitələrin iştirakı və təşəbbüsü ilə tez-tez belə ictimai dinləmələr təşkil olunur ki, bunun da bütün tərəflər üçün böyük faydası var".

B. Muradova sonra sözügedən qanunun monitorinqi ilə maraqlanıb.

"Doğrudanmı, Azərbaycanda bütün HİV xəstələri qeydiyyata alınıb, doğrudanmı, onları bu xəstəliklə yaşamağa ruhlandıra bilirik, bunu bacarırıq, yoxsa, bunlar cəmiyyətin sərt təpkisi ilə qarşılanır, HİV xəstəliyinin daşıyıcıları özlərini cəmiyyətdən təcrid olunmuş hesab edirlər? Bu baxımdan, aparılan monitorinqin nəticələri çox maraqlıdır ",- vitse-spiker sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi