2022-ci il üzrə Şirməmməd Hüseynov mükafatı Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevə təqdim olunub.
"Report" xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə martın 14-də Mətbuat Şurasında mükafatın təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Şirməmməd Hüseynovun ailə üzvləri, Milli Məclisin deputatları və jurnalistlər iştirak ediblər.
PJB sədri Elşad Eyvazlı V.Quliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, diplomatiyasının uğuru, tarixinin və ədəbiyyatının araşdırılması sahəsindəki xidmətlərindən danışıb. O vurğulayıb ki, V.Quliyev bu sahələrdə böyük əmək sərf edib, ciddi nailiyyətlər qazanıb, Azərbaycan dövlətçiliyinə, tarixinə, mənəvi dəyərlərinin qorunmasına misilsiz töhfələr verib.
“Vilayət Quliyevin həm xarici işlər naziri, həm səfir, həm də tədqiqatçı alim kimi fəaliyyəti, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, qurucuları barədə araşdırmaları ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, Şirməmməd Hüseynov mükafatına layiq görülüb”, - təşkilat sədri söyləyib.
E.Eyvazlı V.Quliyevə təşəkkür edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid də V.Quliyevin Azərbaycan qarşısında xidmətlərindən danışıb, onun mükafata layiq olduğunu diqqətə çatdırıb.
V.Quliyev mükafata görə Parlament Jurnalistlər Birliyinə təşəkkür edib. O bildirib ki, artıq 19 ildir səfir kimi fəaliyyət göstərir və Azərbaycandan kənarda yaşayır:
“Mənim ürəyimdə elə bir məhəbbət var ki, həyatımın sonuna kimi Azərbaycana xidmət edəcəyəm, ölkəmizin tarixi ilə bağlı məsələləri tədqiq edəcəyəm. İndiyə qədər bir neçə mükafat almışam, amma Şirməmməd Hüseynov mükafatı mənim üçün çox qiymətlidir. Çox şadam!”, - o bildirib.
Qeyd edək ki, PJB Şirməmməd Hüseynov mükafatını 2019-cu ildə təsis edib. 2020-ci ildə Şirməmməd Hüseynov mükafatının qalibi diplomat, araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.