Yuxarı

​Azərbaycanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları təsdiqlənib

Bu sənəd şəxsin Azərbaycanın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir

Bakı. 10 aprel. REPORT.AZ/ Nazirlər Kabineti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nı təsdiq edib.

“Report”un xəbərinə görə, bu sənəd şəxsin Azərbaycanın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.

Bu qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycanın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

Şəxsin Azərbaycanın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır.

Şəxs Azərbaycanın ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan vətəndaşı olduğu hallar istisna olmaqla), valideynlərindən hər ikisi Azərbaycanın vətəndaşıdırsa (doğumu Azərbaycanın dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla), valideynlərindən biri Azərbaycan vətəndaşıdırsa, valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycanın vətəndaşlığını əldə etmişdirsə və ya onların vətəndaşlığına xitam verilmişdirsə, əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycanın vətəndaşıdırsa, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində məskunlaşmış qaçqındırsa, ölkə ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa, həmin şəxsin Azərbaycanın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardır.

Şəxsin Azərbaycanın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının əsasında başlanılır. Dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə qaydaya uyğun nəzərdə tutulan sənədlər əlavə edilir və müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir.

Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil, tərcümeyi-hal, Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatları barədə Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə), pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti, övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti tələb olunur.

Bu qaydanın 3.4.4–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlərin surətlərinin həmin sənədlərin əsli və ya onların notariat qaydasında, yaxud ona bərabər tutulan qaydada təsdiq olunmuş surətləri ilə tutuşdurulması və məsul icraçının iştirakı ilə razılıq ərizələrinin yazılması Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə Dövlət Miqrasiya Xidmətində, dövlət orqanları sorğu verdikdə isə sorğu verən dövlət orqanlarında həyata keçirilir.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunu qüvvəyə mindiyi günədək cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.

Bu qanun qüvvəyə mindiyi günədək hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.

Yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir.

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir

Dövlət Miqrasiya Xidməti sorğunun bu qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir.

Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu bu tətbiq edilən qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanılmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir. Sorğunun baxıldığı müddətdə şəxsin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi