İnsanların yurdu fərdi müstəvidə ev, millət və xalq müstəvisində isə vətəndir. Rifah və təhlükəsizlik aspektindən evsiz yaşamaq mümkün olmadığı kimi, vətənsiz yaşamaq da mümkün deyildir. Bir millətin və xalqın dilini, ortaq inanclarını, adət-ənənəsini, mədəniyyətini, bir sözlə, özünəməxsus dəyərlərini azad şəkildə yaşaması müstəqil bir vətən olmadan mümkün deyil.
Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov “Report”a bildirir ki, vətənpərvərlik vətən sevgisini, vətəndaşlıq borcunu və məsuliyyətini özündə ehtiva edən bir anlayışdır.
Anar Qafarov qeyd edir ki, vətənpərvərlik insanın yaşadığı torpağa və onun maddi-mənəvi dəyərlərinə bəslədiyi qüvvətli hissi bağdır. Bunun adı vətən sevgisidir:
“Vətənpərvərlik bir milləti, bir cəmiyyəti və bir dövləti yaşadan, onun mövcudluğunu qoruyan dərin məzmunlu dəyərdir. Vətəndaşlıq borcu və məsuliyyəti məhz belə bir dəyər sayəsində formalaşır. Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa ehtiyac yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməli ilə Vətənin şöhrətini artıra bilər. Bunun üçün ürəkdə təpər, istək və təəssübkeşliyin olması kifayətdir”.
O deyir ki, əsgər döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərdə yerinə yetirirsə, fəhlə və mühəndis öz əməyi ilə Vətənin iqtisadi qüdrətinə töhfə verir, onun iqtisadi inkişafını təmin edir:
“Tarixə nəzərə salanda vətənlərini qoruyan, onun keşiyində duran millətlərin bir millət və xalq olaraq öz mövcudluqlarını davam etdirdiklərini, vətənlərini itirən millətlərin isə tarix səhnəsindən silindiklərini görürük.
Vətəndaşlıq borcu və məsuliyyəti kimi vətənpərvərlik də yüksək insani keyfiyyətlərdəndir. Vətənpərvərlik duyğusu cəmiyyət üzvlərinin milli-mənəvi və əxlaqi tərbiyəsi sayəsində formalaşır. Bu duyğu mahiyyət etibarilə vətəndaşlıq borcu kimi, insanın cəmiyyət qarşısında öz vəzifəsini dərk etməsidir. İnsan, insan olduğu dövrdən etibarən ailə, kollektiv, sinif, millət, xalq, ümumiyyətlə, cəmiyyət qarşısında müxtəlif vəzifə və öhdəliklər daşıyır. Bu vəzifə və öhdəliklərin reallaşmasını təmin edən mühüm amillərdən biri məhz vətənpərvəlik duyğusudur. Çünki bu duyğu özlüyündə insanın daxili aləminin tələbləri ilə vətəndaşlıq borcunun tələblərini çulğalaşdırır. Dərin vətənpərvərlik hissinə malik olan insanın həyat fəlsəfəsinin mərkəzində “mən” yox, “biz” anlayışı var. Belə bir insanın ictimai həyatında cəmiyyətin digər üzvlərinin və vətəndaşlarının həyatına, yaşama haqqına da yer var”.
Kafedra müdiri bildirir ki, insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi də məhz vətənpərvərlik duyğusu sayəsində yaranır:
“Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətənpərvərliyin ən ali və uca forması özünü Vətən üçün ölümə hazır olmaqda büruzə verir. Bu mənada, vətənpərvərlik bir millətin bütövlüyünün və mövcudluğunun əsasını təşkil edir. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür”.
Müsahibim bildirir ki, vətənpərvərlik və Vətən sevgisi insanda fitrətdən gələn, insanın öz canını sevməsi qədər dəyərli bir duyğudur:
“İnsanlar vətənlərinə qarşı hər hansı bir hücüm və təcavüz olanda, canlarını fəda edərək onu müdafiə etməyə çalışırlar. Bu ruhun arxasında insanın gələcək nəsillərə öz ölümünün bahasına olsa belə, bir vətən qoyub getmə arzusu yatır. Torpaq o halda vətən olur ki, onun övladları həmin torpağın maddi-mənəvi bütün dəyərlərini sevsin, canı ilə, qanı ilə üzərində yaşadığı əraziyə sahib çıxsın. Bu prinsipi məşhur türk şairi Mithat Camal Kuntayın vətənə dair şeirindən əxz etdiyimiz bir hissə ilə ədəbi şəkildə belə ifadə etmək olar:
Bayraqları bayraq edən üstündəki qandır.
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir.
Vətəni sevmək, haqq yolunda və Vətən uğrunda canı və malı ilə mübarizə aparmaq, dinimizə görə müqəddəs vəzifədir. Vətən uğrunda canını fəda etməyin müqabilində İslam dini adı şəhidlik olan mənəvi bir rütbə verir.
“Şəhid” sözü etimoloji olaraq ərəbcə bir söz olub, öz gözləri ilə görən, haqqa şahidlik edən mənasına gəlir. Şəhid, İslam dinində Allah/Haqq, din, millət və Vətəni müdafiə uğrunda vuruşarkən ölənlərə verilən addır.
Dinimizin böyük dəyər verdiyi şəhidlik mərtəbəsinə qovuşmaq üçün Azərbaycanın milli mübarizə tarixində də neçə-neçə igid oğul və qızlarımızın qəhrəmanlıq dastanı yazdığının şahidiyik. Vətən torpağı Azərbaycan xalqı üçün daim bir səcdəgah və müqəddəs olub. Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Vətən bütün maddi-mənəvi dəyərlərimizdir. Unutmayaq ki, “Azərbaycan” adlı bu müqəddəs məkan keçmişlə- gələcəyimizin qovuşduğu yerdir.
Vətənpərvəlik isə yaşadığımız bu torpaq uğrunda lazım gəldikdə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür. Qeyd edək ki, bu ali dəyər və duyğunun Ulu Öndərin söz və fəaliyyətində də xüsusi yeri olub. Belə ki, Heydər Əliyev Azərbaycanın gələcəyı olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.
Vətəndaşı vətənpərvərlik ruhunda tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, ölkənin yüksəlişində iştirak edən insan yetişdirmək deməkdir. Əsl vətəndaş dedikdə, bilavasitə Vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur”.
Bütün bu yüksək dəyərləri özündə cəm edənlərdən biri də şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov olub. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü Sirac Abışov və Məhərrəm İbrahimov şəhidlik zirvəsinə ucalıblar.
Vətənpərvər jurnalist olan Məhərrəm İbrahimov 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi.
Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbənin qazanılmasına yumruq kimi birləşən xalqımızın sağlam düşüncəli hər bir nümayəndəsi öz töhfəsini verib. Elə Məhərrəm İbrahimov da Vətən müharibəsinin ilk günlərindən rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini, döyüş meydanında əldə etdiyi misilsiz uğurları barədə xəbərləri xalqımıza və dünyaya çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb.
2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladığı ilk gündən ön cəbhədə, odun-alovun içində idi. O, az sayda jurnalistlərdən idi ki, düşmənə qarşı informasiya müharibəsini, mərmilərin altında aparırdı. Sinəsini yalnız düşmən gülləsinə deyil, həm də səngərdəki düşməndən daha betər olan, erməni havadarlarının istiqamətləndirib idarə etdikləri informasiya müharibəsindən, saxta xəbərlərə qarşı sipər etmişdi.
Məhərrəm cəbhə xəttində olarkən Ordumuzun qarşısında heç bir düşmənin dayana bilməyəcəyini, gec-tez torpaqlarımızı işğaldan azad edəcəyimizi əminliklə söyləyirdi.
Müharibə bitdi, lakin Məhərrəm cəbhədən qayıtmadı, bu dəfə Vətənə xidmətini fərqli formada davam etdirdi. Prezident Administrasiyası və Müdafiə Nazirliyi atəşkəsdən bir müddət sonra yeni bir layihəyə start verdilər. Məqsəd işğaldan azad olunan şəhər, rayon və kəndləri bir-bir gəzmək, erməni vandallarının işğal dövründə yandırdıqları, dağıtdıqları bütün evlərin, dövlət müəssisələrinin, sosial obyektlərin fotolarını çəkmək, onların durumu haqqında arayış xarakterli məlumat hazırlamaq, arxivləşdirmə işləri aparmaq idi. Bu işi görmək üçün cəmi bir neçə qrup təşkil edilir. Peşəkarlığı, səriştəsi nəzərə alınaraq Məhərrəm də bu prosesə cəlb olunur və azad edilən ərazilərdə fəaliyyətə başlayır. Qrup üzvləri bu çətin işin öhdəsindən gəlir, onların getdikləri yerlərin böyük əksəriyyətinə 28-30 ildən sonra ilk dəfədir azərbaycanlıların ayağı dəyir...
Beləliklə, İkinci Qarabağ savaşının da ilk şəhid jurnalisti oldu. Məhərrəmin də daxil olduğu çəkiliş qrupunun gördüyü işin mahiyyəti və miqyası o qədər böyük və əhəmiyyətlidir ki, onun dəyərini tarix özü verəcək. Zaman keçəcək, azad olunmuş torpaqlarımız yenidən canlanacaq, quruculuq işləri amansız işğalın izlərini itirəcək, gələcək nəsillər 30 illik işğalın dağıdıcı izini onların çəkdiklərindən, arxivləşdirdiklərindən, yazdıqlarından öyrənəcək.
Dini Qurumla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirir ki, Azərbaycançılıq ideyası dövlətimiz üçün prioritetdir: “İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir”.
Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində reallaşdı. Müharibənin gedişində hərbçilərimizin əhvali-ruhiyyəsinin və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunun və döyüş tapşırıqlarını böyük məharətlə yerinə yetirdiklərinin şahidi olduq. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiq edən tarixi hadisə oldu. Bununla da müharibənin ilk günlərindən etibarən Prezidentimiz İlham Əliyevin irəli sürdüyü şərtləri Ermənistan hakimiyyətinin qəbul etməkdən başqa çıxış yolu qalmadı. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Qarabağımızı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyan cənab Prezidentimizin həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğuna nəinki Azərbaycan xalqı, bütün dünya bir daha şahid oldu”.
Qeyd: Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsinə təqdim edilmək üçün hazırlanıb.