Vətən müharibəsinin qəhrəman şəhidinin anım mərasimi keçirilib - VİDEO

Vətən müharibəsinin qəhrəman şəhidinin anım mərasimi keçirilib - VİDEO 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində xalqımızın igid övladları böyük qəhrəmanlıqlar göstəriblər. Onlardan biri bu gün onsuz ilk doğum günü qeyd edilən tabor komandiri kapitan Elçin Tağıyevdir.
Qarabağ
1 İyul , 2021 22:29
Vətən müharibəsinin qəhrəman şəhidinin anım mərasimi keçirilib - VİDEO

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəmanımız böyük şücaətlər göstərərək tariximizə yeni salnamələr yazdılar. Onlardan biri də bu gün doğum günü qeyd edilən tabor komandiri, şəhid kapitan Elçin Tağıyevdir.

"Report"un Muğan bürosunun məlumatına görə, onun doğum günü münasibətilə ata ocağında anım tədbiri keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, yerli sakinlər, qazilər, E.Tağıyevin döyüş yoldaşları iştirak edib.

Mərasimdə çıxış edənlər şəhidin həyat və döyüş yoluna nəzər salıblar. Qonaqların qəhrəmana həsr etdikləri mahnı və şeirlər səsləndirilib.

Anım tədbirinin sonunda şəhid kapitanın məzarı ziyarət edilib.

Qeyd edək ki, Elçin Ağaqulu oğlu Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 1995-ci ildə həmin kənddəki orta məktəbə daxil olub. Hərb sahəsinə hələ erkən yaşlarından maraq göstərən E.Tağıyev 2004-cü ildə 9-cu sinfi bitirərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. O, hərbi məktəbi də əla qiymətlərlə bitirərək, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub və zabit kimi hərbi xidmətə başlayıb.

O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edərək, fədakarlıqlar göstərib. Bu döyüşlərdə E.Tağıyevin rəhbərliyi ilə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib, işğalçılar ağır itkilər verərək geri çəkiliblər. Qəhrəman zabitimiz sonuncu dəfə Talış istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmanlıq göstərərək şəhid olub.

E.Tağıyev Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə (ölümündən sonra) təltif edilib.

Son xəbərlər

Orphus sistemi