Yuxarı
    Bağlamaq

    Vəkillər Kollegiyasının sədri: “Hüquq məsləhətxanalarının kompüterləşmə səviyyəsi aşağıdır”

    Anar Bağırov: Bir neçə il ərzində problemin həlli mümkündür”Vəkillər Kollegiyasının sədri Anar Bağırov

    Bakı. 29 dekabr. REPORT.AZ/ “Hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi üzrə mühüm işlər görülməkdədir. Bu, xüsusilə dövlət orqanlarının fəaliyyətinə aiddir. Təəssüf ki, eyni şeyi hələ ki, vəkillik sahəsinə aid edə bilmirik. Hüquq məsləhətxanalarının kompüterləşmə səviyyəsinin aşağı olması bir sıra təşkilati işlərin operativliyinə təsir göstərməkdədir”.

    “Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov deyib.

    O qeyd edib ki, buraya vəkil qurumları sisteminin şəbəkələşdirilməməsi də daxildir: “Eyni zamanda, bura vəkilliyin mərkəzləşdirilmiş elektron şəbəkəsinin olmamasını da daxil edə bilərik. Vəkillik fəaliyyətinin şəbəkələşdirilmiş vahid elektron sisteminin olmaması bu sahənin mərkəzləşmiş qaydada idarə olunmasında, vəkil qurumlarında işlərin səmərəli təşkilində, gələcək inkişaf proqnozlarının müəyyənləşdirilməsi üçün statistik hesabatların hazırlanmasında çətinlik yaradır. Həmin sistemin mövcud olmaması vəkillik sahəsinin şəffaflığına da mənfi təsir göstərməkdədir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq vəsaitlərin cəlb olunması vasitəsilə bir neçə il ərzində problemin həlli mümkündür”.

    A.Bağırov deyib ki, gələcəkdə zərurət yaranarsa, qardaş Türkiyə Respublikasının UYAP adlı mütərəqqi təcrübəsində olduğu kimi, “elektron-vəkilliy”in “elektron məhkəmə” informasiya sistemi ilə uzlaşdırılması düşünülə bilər: “Heç kimə sirr deyil ki, bu gün “elektron məhkəmə” informasiya sistemi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, işlərə daha operativ və keyfiyyətli baxılmasında, vaxta və xərclərə qənaət edilməsində, vətəndaşlara daha əlverişli və rahat şəraitin yaradılmasında əvəzsiz alətdir. Uzağa getmədən uğurlu nümunə kimi ölkəmizdə fəaliyyətdə olan “Vahid Elektron Məhkəmə Portalı”nı misal çəkə bilərik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi