Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Qurumdan "Report"a verilən məlumata görə, iclası Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq VK-nın cari fəaliyyəti barədə məlumat verərək iclas iştirakçılarını sonuncu yazılı test imtahanın nəticələri barədə statistik məlumatlar ilə tanış edib, imtahanın nəticələrini mübahisləndirən bir sıra şəxslərin Dövlət İmtahan Mərkəzində keçirilmiş apelliyası barədə məlumat verib.
Yığıncaqda 607 nəfər namizədin uğurla keçdiyi yazılı test mərhələsi Rəyasət Heyəti tərəfindən ümumən müsbət qiymətləndirilib.
Sonra natiq növbəti - şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlanılsın.
Daha sonra bir sıra şəxslərin vəkilliyə qəbul məsələsi, hüquq məsləhətxanasına təhkim olunmuş vəkilin fərdi qaydada fəaliyyət göstərməsi barədə müraciəti müzakirə olunub, bəzi vəkillərin mükafatlandırılması məsələsinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.