Vəfa Quluzadə oğlunun yanında dəfn olunacaq

Vəfa Quluzadə oğlunun yanında dəfn olunacaq Sabiq dövlət müşaviri Bakının Yasamal rayonundakı qəbiristanlıqda dəfn ediləcək
Daxili siyasət
2 May , 2015 10:57
Vəfa Quluzadə oğlunun yanında dəfn olunacaq

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə bu gün Bakının Yasamal rayonundakı qəbiristanlıqda dəfn olunacaq. Bu barədə “Report”a V.Quluzadənin kürəkəni məlumat verib.

O bildirib ki, V.Quluzadə 5 il əvvəl 36 yaşında dünyasını dəyişmiş oğlu Murad Quluzadənin yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, V.Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib.

O, 21 dekabr 1940-cı ildə Bakıda dünyaya gəlib. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə oranı bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

V.Quluzadə 1970-ci ildə SSRİ-nin Misirdəki səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

O, 1990-cı ildə Azərbaycana qayıdıb və Azərbaycanın xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə dövlət müşaviri vəzifəsindən istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının da üzvü olub.

Son xəbərlər

Orphus sistemi