Vasif Talıbov: “YAP-ın hakim partiya statusu arxayınlıq yaratmamalıdır”

Vasif Talıbov: “YAP-ın hakim partiya statusu arxayınlıq yaratmamalıdır” NMR sədrinin rəhbərliyi ilə YAP-ın Naxçıvan təşkilatının iclası keçirilib
Daxili siyasət
28 Yanvar , 2016 23:08
Vasif Talıbov: “YAP-ın hakim partiya statusu arxayınlıq yaratmamalıdır”

Bakı. 28 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası üzrə təşkilatının sədri Vasif Talıbovun sədrliyi ilə hakim partiya təşkilatının ötənilki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.

“Report”un məlumatına görə, Vasif Talıbov çıxışında 2015-ci ilin Azərbaycan və onun ayrılmaz hissəsi olan muxtar respublika üçün uğurlu il olduğunu bildirib.

Onun sözlərinə görə, YAP Azərbaycan Milli Məclisinə və Naxçıvan Ali Məclisinə ötən il keçirilən seçkilərdə qələbə qazanıb, partiya üzvləri ölkənin inkişafında yaxından iştirak ediblər:

“Siyasi partiyalar o zaman uzunömürlü olur ki, onun arxasında xalq, fəaliyyətində isə real iş dayansın. Ölkəmizdə dövlət-xalq birliyi var. Sabitlik, inkişaf və cəmiyyətdə yaradılan sağlam mühit iqtidar partiyası kimi YAP-ın fəaliyyətinin əsasını təşkil edir”.

İclasda YAP Naxçıvan üzrə təşkilatının icra katibi Anar İbrahimov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ötən il təşkilatın say tərkibində artım olub. Belə ki, 2015-ci il yanvarın 1-nə üzvlərin sayı 51 min 179 nəfər olubsa, hazırda üzvlərin sayı 51 min 677 nəfərdir. Ötən ildə 1095 nəfər partiya sıralarına qəbul olunub ki, onların da 835-i, yaxud 76 faizi gənclərdir. Yeni qəbul olunanların 586 nəfərini, yaxud 54 faizini qadınlar təşkil edir. 2015-ci ildə YAP-ın Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 110 müxtəlif tədbir keçirilib. Ötən il 16 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunub.

İdarə Heyətinin iclasında tapşırıq və tövsiyələrini verən Vasif Talıbov deyib ki, hakim partiya statusu arxayınlıq yaratmamalı, məsuliyyətlə çalışmaq üçün stimul olmalıdır: “2016-cı ildə partiyanın şəhər və rayon təşkilatlarının hesabat konfransları keçiriləcək. İcra Katibliyi partiyanın Nizamnaməsinə və muxtar respublika təşkilatının Əsasnaməsinə uyğun olaraq hesabat konfranslarını keçirməlidir. Şəhər və rayon təşkilatları yeni rəhbər strukturlarının - idarə heyəti, şura, qadınlar şurası, gənclər birliyinin formalaşdırılması zamanı nüfuzlu şəxslərin, fəal və əqidəli gənclərin seçilməsinə diqqət etməlidirlər. Konfranslaradək isə ilk partiya təşkilatlarının ərazi sistemi üzrə qurulması işi tam başa çatdırılmalıdır. Şəhər və rayonlarda partiya təşkilatları üçün binalar istifadəyə verilib. Həmçinin kənd mərkəzlərində də ilk partiya təşkilatları üçün nümunəvi iş otaqları yaradılıb. İlk təşkilatların yerləşdiyi yerlər, o cümlədən kənd mərkəzləri siyasi mərkəzlər kimi öz statuslarını möhkəmləndirməlidirlər”.

O bildirib ki, qarşıdakı mərhələdə partiyanın şəhər, rayon və ərazi ilk təşkilatlarının fəaliyyətlərinin bir istiqamətini də ciddi nizam-intizam təşkil etməlidir: “İcra katibliyi şəhər və rayon təşkilatlarının fəaliyyətlərinin nəzarətdə saxlanılmasını və həmin təşkilatlara metodiki köməklik göstərilməsini davam etdirməlidir. Partiyanın ideoloji işi o vaxt irəli gedə bilər ki, bunu nəzəri biliklərə malik olan nümunəvi üzvlər aparsınlar. Buna görə özünü partiya işinə həsr edənlər daim mütaliə etməli, öyrənməli, nəzəri biliklərini artırmalıdırlar”.

Ali Məclisin sədri qeyd edib ki, partiyanın İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu ilə işini əlaqələndirməlidir: “Biz partiyamızın üzvü olan fəal gənclərə partiyanın gələcəyi kimi baxmalıyıq. Partiyanın rayon və şəhər təşkilatları qadınlar şuraları ilə işin təşkilini də müasir tələblər səviyyəsində qurmalı, qadın üzvlərin və qadınlar şuralarının fəallığı təmin olunmalıdır. Partiyaya yeni qəbul edilmiş üzvlərlə sistemli iş davam etdirilməli, onlara üzvlük vəsiqələrinin təqdimat mərasimləri yaddaqalan olmalıdır. Partiyanın şəhər və rayon təşkilatları gənclərin partiya strukturlarında, xüsusilə partiya təşkilatlarının rəhbər qurumlarında təmsilçiliklərini artırmalıdırlar. Nüfuzlu və istedadlı gəncləri irəli çəkmək, onları partiya kadrı kimi yetişdirmək lazımdır. Bu məqsədlə partiyanın sosial-siyasi cəhətdən fəal gəncləri haqqında məlumat-informasiya bazası yaradılmalıdır”.

Son xəbərlər

Orphus sistemi