Yuxarı

UNDP rəhbəri 18 ildən sonra Azərbaycana səfər edəcək

Səfər zamanı H.Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır

Bakı. 25 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark 1-4 oktyabr tarixlərində Azərbaycana səfər edəcək.

"Report"un UNDP saytına istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfdən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaqdır.

Səfər zamanı H.Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır. UNDP rəhbəri eyni zamanda yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçilər, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə görüşəcək. UNDP rəhbəri həmçinin 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və Qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə ADA Universitetində mühazirə deyəcək.

Səfər zamanı Helen Klarkı təşkilatın rəhbər müavini və Şərqi Avropa və MDB ölkələri üzrə UNDP-in Regional Bürosunun direktoru, Cihan xanım Sultanoğlu və digər BMT rəsmiləri müşahidə edəcək.

Xatırladaq ki, UNDP rəhbərinin Azərbaycana sonuncu səfəri 1996-cı ildə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi