Üçtərəfli bəyanat Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir

Üçtərəfli bəyanat Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir Paşinyanın çıxışı Ermənisatan əhalisinə hesablanmış iddialardan başqa bir şey deyil
Daxili siyasət
12 Yanvar , 2021 16:28
Üçtərəfli bəyanat Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir
İlham Əliyev və Vladimir Putin

“Prezident İlham Əliyevin yanvarın 11-də Moskvaya səfəri, oradakı imzalanmış üçtərəfli bəyanat Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, regionda təhlükəsizliyin, sülhün bərqərar olması işində mühüm addım kimi tarixə düşən üçtərəfli görüşdən sonra imzalanmış bəyanat bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün yeni perspektivlər istiqamətində atılan növbəti addımdır:

“Bu həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi. O halda yeni imzalanmış 4 maddədən ibarət bəyanatı da elə bu prosesin davamı kimi qiymətləndirə bilərik. Yəni, daha dəqiq desək, bu ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı”.

Deputat bildirib ki, bəyanatda əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır:

“Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır”.

E.Səlimov deyib ki, Moskva görüşündə diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları idi:

“Prezident İlham Əliyev qalib dövlət rəhbəri satusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və bu fəaliyyətini məhz bu istiqamətdə qurur. Onu da qeyd edim ki, bu görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həddən artıq gərgin, çaşqın, məyus durumu ilə yadda qaldı. Artıq Rusiya mediası Ermənistan baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə edir".

Deputat qeyd edib ki, görüşdən sonra Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxışında qaldırdığı məsələlər müzakirə mövzusu deyil:

“Hər kəsə məlumdur ki, Rusiya Prezidenti Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Bundan əlavə, həmin məsələlər birgə bəyanatda da əksini tapmadı. Hesab edirəm ki, Paşinyanın çıxışı Ermənisatan əhalisinə hesablanmış iddialardan başqa bir şey deyil. Bu, bir daha onu göstərir ki, Paşinyan hər zaman olduğu kimi indi də xalqını aldatmaqda davam edir”.

Son xəbərlər

Orphus sistemi