Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədli qardaş ölkədə fəaliyyət göstərmiş Azərbaycan könüllüləri ilə görüş keçirilib.
Bu barədə "Report"a Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə qoşulan Azərbaycan könüllülərinin fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir rəsmi və bədii hissələrdən ibarət olub.
Mərasimin bədii hissəsində təbii fəlakət nəticəsində çadır şəhərciklərində yaşayan Türkiyəli uşaqlar tərəfindən çəkilən rəsmlərdən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan sərgidə nümayiş edilən rəsmlərdə kədərlə yanaşı Azərbaycana və könüllü gənclərimizə olan sevgi aydın təsvir edilib.
Azərbaycan könüllülərinin qardaş ölkədəki fəaliyyətinə həsr edilmiş tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra təbii fəlakətin ilk günlərindən etibarən bir ay müddətində Türkiyədə zəlzələ qurbanlarına dəstək göstərən Azərbaycan könüllülərinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin, Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Cahit Bağcının, millət vəkili Cəbi Quliyevin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyevin də qatıldığı tədbirdə çıxış edən natiqlər Türkiyədə baş verən dağıdıcı zəlzələnin Azərbaycan xalqında dərin sarsıntı yaratdığını və xalqımızın hər bir nümayəndəsinin yardıma tələsərək qardaş ölkənin yanında olmaq istəyini və bu çağırışa qoşulan Azərbaycan könüllülərinin bir ay boyunca göstərdikləri yardımın hər iki xalq arasında mövcud olan dərin tarixi qardaşlıq bağlarına və çətin anlarda qarşılıqlı dəstək ənənələrinə bağlı olduğunu dilə gətiriblər.
Natiqlər Türkiyəli könüllü gənclərlə çiyin-çiyinə çalışan Azərbaycan könüllülərinin Kahramanmaraş, Malatya, Hatay və Adıyaman şəhərlərində zəlzələnin fəsadlarının aradan qaldırılmasında, minlərlə sakinə humanitar yardımın çatdırılmasında, eləcə də digər zəruri dəstək tədbirlərinin təmin edilməsində əzmkarlıqlarını vurğulayıblar.
Daha sonra Azərbaycan könüllüləri təltif edilmə mərasimi keçirilib və zəlzələdən zərər çəkən bölgələrdə yardım dəstəyi göstərən könüllülərin təəssüratlarından bəhs edən video süjetlər təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Ekokönüllülər”, “Böyük Qayıdış” və digər könüllü təşkilatlarının 150 üzvünün Türkiyə Gənclik Fondunun nümayəndələri ilə birgə ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşmüşdür. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir.
Ağır və məsuliyyətli fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələn könüllülər tədbirdən sonra Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Mingəçevir şəhərində təşkil ediləcək üç günlük düşərgəyə yola düşüblər. Düşərgə müddətində gənclərlə Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüşü, interaktiv komanda oyunları, əyləncəli, musiqili asudə vaxt, idman yarışları və Şəki şəhərinə infotur təşkil ediləcəkdir.