Türkiyənin xarici işlər naziri Milli Məclisdə olub

Türkiyənin xarici işlər naziri Milli Məclisdə olub "İki ölkə arasındakı münasibətlər digər ölkələr üçün nümunədir"
Daxili siyasət
25 Fevral , 2015 19:38
Türkiyənin xarici işlər naziri Milli Məclisdə olub

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib. 

Milli Məclisin sədri Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, iki ölkə arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq mövcuddur. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

Qeyd edilib ki, son illərdə Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana milyardlarla dollar sərmayə qoyub. Bu investisiyalar ildən-ilə artmaqdadır. Qarşıya məqsəd qoyulub ki, 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatsın.

Azərbaycan-Türkiyə münasibətlərdən danışan Mövlud Çavuşoğlu bildirib ki, əlaqələri daha yüksək səviyyəyə qaldırmaq, beynəlxalq arenadakı əməkdaşlığımızı daha da gücləndirmək üçün birgə fəaliyyət həyata keçirilir. "Qarşıya qoyulan hədəflərə çatmışıq. Ticarət dövriyyəsi bu il beş milyard dollara çatıb".

Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında isə qarşıya yeni hədəflər qoyulub: "Yeni hədəfimiz ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Dünyada iqtisadi böhran hökm sürür, amma ölkə rəhbərlərimizin həyata keçirdikləri islahatlar nəticəsində Azərbaycan və Türkiyə öz inkişaf yolları ilə davam edirlər. Güclərimizi birləşdirdikcə həm çətinliklərə qarşı birgə səmərəli mübarizə apara bilirik, həm də qarşıya çıxan imkanları dəyərləndirmək məsələsində daha güclü oluruq”.

Son xəbərlər

Orphus sistemi