​Tural Abbaslı: "Nə qədər Müsavatın başqanı Arif Hacılıdır, istənilən üzv partiyadan kənarlaşdırıla bilər"

​Tural Abbaslı: "Nə qədər Müsavatın başqanı Arif Hacılıdır, istənilən üzv partiyadan kənarlaşdırıla bilər" “Gülağa Aslanlı belə, Nizamnaməyə deyil, Arif Hacılının qrup maraqlarına qarşı çıxarsa, dərhal partiyadan uzaqlaşdırılar”
Daxili siyasət
24 Avqust , 2015 12:36
​Tural Abbaslı: Nə qədər Müsavatın başqanı Arif Hacılıdır, istənilən üzv partiyadan kənarlaşdırıla bilər

Bakı. 24 avqust. REPORT.AZ/ "Nə qədər Müsavatın başqanı Arif Hacılıdır, istənilən üzv partiyadan kənarlaşdırıla bilər. Hazırda Müsavatın hər bir üzvü Nizamnaməyə uyğun oldu-olmadı partiyadan xaric edilmə təhlükəsi ilə üz-üzədir".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı deyib.

O, yaratdığı blokun fəaliyyətinin Müsavat Partiyasının Nizamnaməsinə zidd olmayacağını qeyd edib: "Təəssüf ki, Müsavat Partiyasının VIII qurultayından sonra Arif Hacılı Nizamnamə ilə deyil, daha çox öz şəxsi qrup maraqları ilə çıxış etdi. O, partiyada şəxsi maraqlarını Nizamnamədən üstün tutur. Bu gün nə etməyimdən asılı olmayaraq, Arif Hacılının qrup maraqlarına uyğun gəlməyəcəmsə, partiyadan uzaqlaşdıracaqlar. Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı belə, Nizamnaməyə deyil, Arif Hacılının qrup maraqlarına qarşı çıxarsa, dərhal partiyadan uzaqlaşdırılar. Yəni, mənimlə bağlı yalnız "siyasi" qərar verilə bilər".

T.Abbaslı qeyd edib ki, Müsavat Partiyasının Nizamnaməsində blok, ictimai hərəkat yaratmaqla bağlı qadağa yoxdur: "Müsavatın sabiq başqanı İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin sədridir. Qurum tədbirlərini keçirir, bəyanat yayır. Həmin qurumun fəaliyyəti nə dərəcədədirsə, "Ağ blok"un da fəaliyyəti o cür olacaq".

O, bu il keçiriləcək parlament seçkilərində iştirakla bağlı partiya rəhbərliyinə məlumat verdiyini də xatırladıb.

Qeyd edək ki, Müsavatın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı T.Abbaslının bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar blok yaratmasına münasibət bildirib. O deyib ki, T.Abbaslının addımlarında Müsavatın Nizamnaməsinə qarşı zidd məqamlar olacaqsa, partiya strukturlarında tədbir görüləcək: "Bu məsələdə heç kəsə, o cümlədən Tural Abbaslıya güzəşt olunmayacaq".

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. Avqustun 23-də blokun təsis konfransı keçirilib.

Son xəbərlər

Orphus sistemi