​AXCP və Müsavat bir neçə partiyanın təşkil etdiyi toplantıya qatılmamasının səbəbini açıqlayıb

​AXCP və Müsavat bir neçə partiyanın təşkil etdiyi toplantıya qatılmamasının səbəbini açıqlayıb "Müsavat Partiyası belə tədbirlərdə iştirakı məqsədəuyğun hesab etmir"
Daxili siyasət
25 Yanvar , 2016 16:43
​AXCP və Müsavat bir neçə partiyanın təşkil etdiyi toplantıya qatılmamasının səbəbini açıqlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ "Müsavat Partiyası qabaqcadan proqramı, məqsədi, istiqaməti məlum olmayan tədbirlərdə iştirak edə bilməz. Biz bunu məqbul hesab etmirik".

Bunu "Report"a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Müsavatın bir neçə partiyanın təşkil etdiyi toplantıya qatılmamasının səbəbini açıqlayarkən deyib.

G.Aslanlı bildirib ki, Müsavat Partiyası o cür tədbirlərdə iştirak etməyi vacib hesab etmir: "Tədbirlə bağlı bizə dəvət gəlməyib. Belə tədbirlərdə iştirakı məqsədəuyğun saymırıq. Müsavat Partiyası düzgün hesab etdiyi addımları atır, özünün doğru hesab etdiyi tədbirlərdə iştirak edir".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı isə deyib ki, kiminsə nəsə deməsi AXCP-ni maraqlandırmır. G.Bayramlı bu işlərin AXCP və Milli Şuraya aidiyyəti olmadığını bildirib: "Ona görə də məsələyə münasibət bildirməkdən imtina edirəm".

Qeyd edək ki, bir neçə partiyanın yanvarın 24-də təşkil etdiyi toplantıda ölkədəki mövcud durum müzakirə edilib. Tədbirdə Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Demokrat Partiyası (ADP), Ümid Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP), Böyük Azərbaycan Partiyası (BAP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), "AĞ Blok" və digər siyasi təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi