Tanınmış şəxslərin dəstəklədiyi namizəd kimdir? - VİDEO

Tanınmış şəxslərin dəstəklədiyi namizəd kimdir? - VİDEO Seçkiqabağı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi və inanılmaz coşqu ilə davam edir.
Daxili siyasət
166
3 Fevral , 2020 14:32
Tanınmış şəxslərin dəstəklədiyi namizəd kimdir? - VİDEO

Seçkiqabağı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi və inanılmaz coşqu ilə davam edir. 

"Report" xəbər verir ki, namizədlərin və seçicilərin seçkilərlə bağlı aktivliyi, keçirilən görüşlərin həcmi və intensivliyi hamımızın diqqətini çəkən məqamlardandır. Bu mənada xüsusilə fərqlənən 24 saylı Nizami birinci seçki dairəsindən namizəd Könül Nurullayeva təbliğat kampaniyası başlayan andan seçici aktivliyini və etimadını qazanmaq uğrunda fasiləsiz olaraq müxtəlif formatlı görüşlər, yığıncaqlar keçirir. O hesab edir ki, hər bir namizəd mövcud imkanlardan faydalanaraq təbliğat prosesində maksimum sayda seçici ilə görüşüb onları narahat edən məsələlərlə maraqlanmalıdır. İnsanların açıqsözlülüyü, fikirlərini səmimi şəkildə ifadə etmələri, gözlərindəki işıq və inam, vətəndaşlarımızın parlamentə namizəd Könül Nurullayevaya münasibətdə nümayiş etdirdikləri güvən ona əlavə motivasiya verir.

Namizədliyini irəli sürdüyü andan tanıdığı və tanımadığı şəxslər tərəfindən böyük dəstək görən Könül Nurullayeva Heydər Əliyev adına Neft Emalı Zavodunun mədəniyyət evində Nizami rayon sakinləri, Keşlə qəsəbəsinin ağsaqqalları, ağbirçəkləri, çox hörmətli ziyalılar və tanınmış şəxslərin iştirakı ilə növbəti görüşünü keçirdi. Həmin tədbirə Könül xanımı dəstəkləyən çoxsaylı insanlardan kiçik bir qrupu, lakin öz sahələrində böyük işlər görmüş və ona əziz olan insanlar dəvət olunmuşdu. Görüşdə iştirak edən Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, professor, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, akademik Möhsün Nağısoylu, şair-kinodramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti Tünzalə Ağayeva, Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev, Olimpiya çempionu Fərid Mansurov, əməkdar idman xadimi Tərlan Həsənov, keşləlilərin böyük hörmətini qazanmış, gənclərimizin təlim-tərbiyəsində müstəsna xidmətləri olan Süsən Salmanova və Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev ayrı-ayrılıqda çıxış etdilər.

Tədbir zamanı nümayiş etdirilən, Könül xanımın fəaliyyətini əks etdirən 5 dəqiqəlik videoçarx böyük alqışlarla qarşılandı.

Daha sonra Könül xanım çıxış edərək tədbirə təşrif buyuranlara, ona etimad göstərən seçicilərinə təşəkkürünü bildirdi və qeyd etdi: “Barəmdə söylənilən xoş sözlər məni daha da ruhlandırdı, çox sevincliyəm və həyəcanlıyam, çünki üzərimdə böyük bir məsuliyyət var. Əminəm ki, Allahın izni və xalqımızın dəstəyi ilə deputat seçilərəmsə, cəmiyyətimizin fəal gənci olaraq bu vəzifənin də öhdəsindən gəlməyi bacaracağam. Dəyərli seçicilərim, dəstəyinizə böyük ehtiyacım var. Biz yalnız birlikdə çalışaraq daha güclü Azərbaycan qurmağa nail olacağıq!“

Qeyd edək ki, 2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi Beynəlxalq Olimpiya Hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

O, Pekin Olimpiya Oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya Oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.

K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsusi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.

2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb və Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilib.

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və idmanda gender bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

Ailəlidir, 1 övladı var.

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

Son xəbərlər

Orphus sistemi