Yuxarı

Heydər Əliyev Fondunun prezidenti Şüvəlanda xüsusi internat məktəbin açılışına qatılıb

Şüvəlanda yenidən qurulan 2 nömrəli xüsusi internat məktəbi müasir standartlara cavab verir

Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. Bu məktəb yenidənqurmadan sonra müasir standartlara tam cavab verir.

"Report"un məlumatına görə, Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən burada yeni tədris binası tikilib. Məktəbdə eşitmə və nitq qüsuru olan şagirdlər təhsil alırlar. Burada təhsil iki şöbəlidir. Birinci şöbə eşitmə qüsurları yüngül, ikinci şöbə isə ağır formada olan şagirdlər üçün nəzərdə tutulub.

Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, 220 yerlik xüsusi məktəbdə bütün fənlərdən əlavə, tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş, həmçinin individual qaydada mimika və daktiloloji iş aparılır. Müasir dizayna malik, bütün tələblər nəzərə alınmaqla inşa edilən məktəb lazımi inventarla təmin olunub. Bundan əlavə, biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, idman, trenajor zalları, ritmika otağı yaradılıb və zəruri ləvazimatlarla təchiz edilib. Şagirdlərin asudə vaxtları üçün açıq idman meydançası, peşəyönümlü təlimi üçün isə emalatxanalar tikilib. Burada tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik bölmələri də fəaliyyət göstərir.

Emalatxana ilə tanışlıq zamanı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya onun şagirdlərin əl işi olan portreti hədiyyə edildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi