Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Report”un xəbərinə görə, sərəncamda bildirilib ki, ölkənin sosial-iqtisadi həyatında özünəməxsus yeri olan Sumqayıt şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də müasir sənaye şəhəri kimi sürətlə inkişaf edir.
Qeyd olunub ki, Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması və istehsalat sahəsində əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən gücü 525 MVt olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilib, Kimya Sənaye Parkında gücü 67 MVt olan yarımstansiya, pestisid, xortum və fitinq, sürtkü yağlarının istehsalı müəssisələri, məlumatların emalı mərkəzi, “STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları istifadəyə verilib, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulub, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” zavodu, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı zavodu, “Alyans Tekstil” MMC-nin uniforma istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisələri yaradılmış, 60 mindən çox yeni iş yeri açılıb.
Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də yerinə yetirilmiş, o cümlədən Paralimpiya və Olimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Əlilləri Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat və Uşaq İncəsənət məktəbləri inşa edilmiş, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlamış, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmiş, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınmış, geniş abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,0 (yeddi) milyon manat, o cümlədən çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün 3,7 milyon (üç milyon yeddi yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3,3 milyon (üç milyon üç yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.