Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq lazımdır”

Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq lazımdır” Partiya sədri vurğulayıb ki, Azərbaycanın xüsusi xidmət orqanları – DTX, Xarici Kəşfiyyat Xidməti, hərbi kəşfiyyat və hərbi əks-kəşfiyyat, həmçinin DİN bütün baş verənləri nəzərə alaraq qabaqlayıcı tədbirlər görür.
Daxili siyasət
7091
16 Oktyabr , 2020 15:58
Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq lazımdır”

“Uzun illərdir müharibə vəziyyətində olan və ərazilərinin bir hissəsi işğal edilən Azərbaycanda terror təhdidi məsələsi daim gündəmdə olmalıdır. Hazırda Azərbaycan müharibə vəziyyətindədir, ordu uğurla irəliləyir. Düşmənin çətin vəziyyətdə olduğunu nəzərə alaraq tədbirlərin daha da artırılması vacibdir. Bir neçə gün əvvəl telekanalların birində çıxışım zamanı belə bir ehtimalın olduğu barədə xəbərdarlıq etmişdim. Müsbət haldır ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də bu barədə rəsmi məlumat yayıb. Çünki düşmən cəbhədə baş verən uğursuzluqlarının əvəzini çıxmaq və Ermənistan ictimaiyyətini sakitləşdirmək üçün mülki əhaliyə ziyan vurmağa çalışır. Bu həm cəbhə xəttində, həm də cəbhə xəttindən uzaqda – Mingəçevirdə, Gəncədə, hətta Abşeronda da müşahidə edilir. Ona görə də terror təhdidi səviyyəsi ən yüksəyə qaldırılmalıdır”.

Bunu “Report”a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bildirib.

S.Əkbər deyib ki, ölkə vətəndaşlarının da belə bir vəziyyətdə diqqətli və ayıq-sayıq olması vacibdir:

“Burada söhbət hər hansı panikaya, təşvişə düşməkdən getmir. Müharibə göstərdi ki, əhalimiz yüksək ictimai şüur səviyyəsi nümayiş etdirir. Bunu bütün ölkə üzrə vətəndaşların, xüsusilə də cəbhəyə yaxın yerləşən şəhər və rayonlarımızda yaşayan əhalinin davranışı da göstərdi. Ona görə də hesab edirəm ki, yüksək ictimai şüur səviyyəsinə malik əhalidə heç bir panika olmayacaq. Sadəcə çox diqqətli olmalı və şübhəli məqamlarda DTX-nın da qeyd etdiyi telefon nömrələrinə və digər hüquq-mühafizə orqanlarına məlumat verilməlidir”.

 Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Partiya sədri vurğulayıb ki, Azərbaycanın xüsusi xidmət orqanları – DTX, Xarici Kəşfiyyat Xidməti, hərbi kəşfiyyat və hərbi əks-kəşfiyyat, həmçinin DİN bütün baş verənləri nəzərə alaraq qabaqlayıcı tədbirlər görür.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda Ermənistan xüsusi xidmət orqanları tərəfindən terror aktı törədilməsi ehtimalı ilə bağlı məlumat yayıb və əhalini diqqətli olmağa çağırıb.

Məlumatda bildirilib ki, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir.

DTX vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırıb. Həmçinin vətəndaşlardan yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələrini xahiş edilib. Eyni zamanda DTX son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa çağırıb və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi