Su mühafizə zonalarında tikinti aparılan zaman balıqçılıq təsərrüfatı ekspertizası məcburi olacaq - YENİLƏNİB

Su mühafizə zonalarında tikinti aparılan zaman balıqçılıq təsərrüfatı ekspertizası məcburi olacaq - YENİLƏNİB Bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
25 Avqust , 2017 10:46
Su mühafizə zonalarında tikinti aparılan zaman balıqçılıq təsərrüfatı ekspertizası məcburi olacaq - YENİLƏNİB

Bakı. 25 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin qanuna və ekoloji tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən balıqçılıq təsərrüfatı ekspertizası aparılır.

Balıqçılıq su obyektlərinin təsir dairəsində yerləşən aşağıdakı tikinti işləri layihələrinin balıqçılıq təsərrüfatı ekspertizası məcburidir:

1. su mühafizə zonalarında və sahilboyu zolaqlarda (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri istisna olmaqla) suların vəziyyətinə təsir edən sənaye, hidroenergetika, neftayırma, kimya və neft-kimya, ağac və gön-dəri emalı obyektlərinin tikintisi və yenidən qurulması;

2. balıqçılıq su obyektlərində faydalı qazıntıların hasil edilməsi, geoloji-kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə işlə-rinin aparılması, yeraltı qurğuların tikintisi;

3. kabellərin çəkilməsi, qaz, neft və kimya məsullarının nəqli üçün sualtı boru kəmərlərinin və terminallarının quraşdırılması;

4. dərman preparatlarının, pestisidlər, herbisidlər, mineral gübrələr, radioaktiv və zəhərli kimyəvi maddələrin istehsalı, saxlanılması, istifadəsi, zərərsizləşdirilməsi və məhv edilməsi;

5. sənaye, məişət, kommunal su buraxıcılarının, su anbarlarının, kanalizasiya qurğularının, boru kəmərlərinin, meliorasiya və irriqasiya şəbəkələrinin tikintisi və quraşdırılması;

6. akvakultura təsərrüfatlarının tikintisi və yenidən qurulması.

Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin qanuna və ekoloji tələblərə uyğunluğuna dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə görə tikintiyə icazə verən orqanların sorğusu əsasında verilir.

Sorğu qeydiyyata alındığı vaxtdan 15 gün müddətində balıqçılıq təsərrüfatı ekspertizasının rəyinin qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edilir.

Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi üçün tələb olunan sənədlərin nümunəvi forması Nazirlik tərəfindən müəyyən edilir və Nazirliyin internet səhifəsində yerləşdirilir. Bu nümunə nəzərə alınmaqla hazırlanmış sənədlərin Qanuna və ekoloji tələblərə uyğunluğunun balıqçılıq təsərrüfatı ekspertizası bu Qayda ilə müəyyən edilən qaydada həyata keçirilir.

Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması üçün təqdim edilmiş ƏMTQ sənədi 3 (üç) gün müddətində yoxlanılır və sənədlər (materiallar) bu qayda ilə müəyyən edilən tələblərə müvafiq olmadığı halda, sifarişçi sənədlərin (materialların) tam həcmdə təqdim edilməsi müddətləri barədə məlumatlandırılır.

Sifarişçidən bu qaydada nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edilə bilməz.

İşin həlli üçün zəruri olan əlavə sənədlər və ya məlumatlar 15 gündən gec olmayaraq sifarişçi tərəfindən təqdim olunur.

Əlavə sənədlər və ya məlumatlar 15 gün müddətində təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır, yalnız həmin sənəd və məlumatlar təqdim olunduğu andan müddət axımı bərpa olunur.

Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması üçün bu qayda ilə müəyyən edilən sənədlər (materiallar) tam həcmdə təqdim edilmədiyi halda, balıqçılıq təsərrüfatı ekspertizası aparılmır.

Ekspertizanın mürəkkəbliyi və ya əlavə tədqiqat aparılmasına ehtiyac yaranması səbəbindən balıqçılıq təsərrüfatı ekspertizasının aparılması ilə əlaqədar nəzərdə tutulan müddətdən daha artıq müddət tələb olunduğu hallarda, balıqçılıq təsərrüfatı ekspertizasının aparılması müddəti hər dəfə 15 gün olmaqla, ən çoxu iki dəfə uzadılır. Balıqçılıq təsərrüfatı ekspertizasının müddətinin uzadılması barədə sifarişçiyə məlumat verilir.

Balıqçılıq təsərrüfatı ekspertizasının aparılmasına mütəxəssislər və ştatdankənar ekspertlər qismində ekspertiza obyektinə dair müvafiq biliklərə malik alimlər və mütəxəssislər cəlb edilə bilər.

Ekspertiza aşağıdakıları müəyyən edir:

1. balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğunu;

2. balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edə bilən fəaliyyətlərin və onların bütün mümkün təsirlərinin ətraflı təsvirini;

3. balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edə bilən fəaliyyətlərin təsirlərinin yumşaldılması üzrə nəzərdə tutulan tədbirlərin kafiliyini.

Balıqçılıq təsərrüfatı ekspertizasının mənfi rəyi olduqda, sifarişçi orada göstərilən şərh və qeydlər nəzərə alınmaqla, sənədləri (materialları) yenidən işlədikdən sonra təkrar ekspertizaya təqdim edə bilər. Təkrar ekspertizaya müraciət və onun aparılması ilkin ekspertizaya olan müraciət və onun aparılma qaydasına uyğun həyata keçirilir.


*** 09:17

Nazirlər Kabineti “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Bundan başqa, “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” da təsdiqlənib.

Bu qərar sentyabrın 24-də qüvvəyə minəcək və 3 il müddətində qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi