Spiker: "Martin Şultsun adını eşidəndə yadıma “Uzaq sahillərdə” filmindəki Şults obrazı düşür"

Spiker: "Martin Şultsun adını eşidəndə yadıma “Uzaq sahillərdə” filmindəki Şults obrazı düşür" Milli Məclisin iclasında Avropa Parlamentinin sədri sərt tənqid olunub
Daxili siyasət
29 May , 2015 14:18
Spiker: Martin Şultsun adını eşidəndə yadıma “Uzaq sahillərdə” filmindəki Şults obrazı düşür

Bakı. 29 may. REPORT.AZ/ “Azərbaycanın iqtisadi inkişafı, tərəqqisi bəzi qüvvələri hər zaman olduğu kimi indi də narahat edir. Hətta son dövrlərdə mərhələli şəkildə şahidi olmuşuq ki, Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları və deputatları Azərbaycanla əlaqəli müxtəlif bəyənatlar verib, qərarlar qəbul edirlər. Avropa Parlamentinin sədri Martin Şults isə dəfələrlə deyirdi ki, bu kimi bəyənatlara əhəmiyyət verməyin. Lakin baş verənlər Martin Şultsın özünün maskasının cırıldığını göstərir”. “Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının Riqa sammitindən əvvəl və sonra Azərbaycanla bağlı həqiqətə uyğun olmayan və erməni lobbisinin təhriki ilə yalan məlumatlar yayılıb: “Misal olaraq, iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək, amma ayın 10-da Şults dünyada görünməmiş ad altında -“İdman və insan hüquqları” tədbiri keçirəcək. Hətta tədbirdə müxtəlif yerlərdən, eləcə də Azərbaycanda onlara qulluq edən insanları dəvət ediblər ki, dinləmələr keçirsinlər. İndi görün ki, həmin insanların xisləti nədən ibarətdir. Budur onların Avropa dəyəri? Avropanın fundamental dəyərləri kənarda qalır, Şults isə milli və dini ayrıseçkiliklə məşğul olur”.

S. Novruzov qeyd edib ki, Rusiyada keçirilən tədbirlərdən birində Ukraynanın müstəqilliyini tanımayan Şults Ermənistanda demokratiyanın çiçəklənmə dövrünün yaşandığını deyib: “Şults insan hüquqlarını belə çox müdafiə edirsə, o zaman ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra  qaçqın düşən 1 milyondan çox azərbaycanlının və Xocalıda qətlə yetirilən insanların hüquqlarını müdafiə etsin. Bütün bu məsələləri Avropa Parlamentinin iclasında müzakirəyə çıxara bilər. Bax, onda Şultsun ədalətli müdafiəçi olduğuna bəlkə inana bilərik. Lakin gördüklərimiz ikiüzlülük və satqınlıqdan başqa bir şey deyil”.

Azərbaycana bu cür Avropa dəyərlərinin lazım olmadığını deyən deputat əlavə edib ki, Şults partiya dəyərlərinə xəyanət edir: “Əslində o, sosial demokratdır. Bir daha xatırladım ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları çox yüksək səviyyədə baş tutacaq və onların niyyətləri bir daha işşa olunacaq”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq bildirib ki, M.Şultsun adını eşidəndə yadıma “Uzaq sahillərdə” filmindəki Şults obrazı düşür: "Əlavə nəsə deməyə də ehtiyac duymuram".

Son xəbərlər

Orphus sistemi