Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartları müəyyən edildi

Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartları müəyyən edildi Nazirlər Kabineti “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın təsdiq edilməsi haqqında qərar veri .
Daxili siyasət
19 Mart , 2020 21:41
Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartları müəyyən edildi

Nazirlər Kabineti “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın təsdiq edilməsi haqqında qərar veri .

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən hazırlanmışdır, sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartlarını müəyyən edir.

Sosial müəssisələr bu Standartların tələblərinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və hüquqi və ya fiziki şəxs tərəfindən yaradıla bilər.

Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin ümumi standartları aşağıdakılardır:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsi ilə müəyyən edilmiş əmək şəraiti ilə təmin olunur;

- əlilliyi olan şəxslər üçün nəzərdə tutulan iş yerləri Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na uyğun yaradılır;

- əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramı” nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar;

- əmək müqaviləsi bağlanılarkən, qadınların və yaşı 18-dən az olan işçilərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aid edilmə vəziyyətindən asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli və ya müddətsiz əmək müqaviləsi bağlanıla bilər.

Sosial müəssisələr öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları, həmçinin bu Standartları rəhbər tuturlar.

Sosial müəssisələrin standartları aşağıdakılardır:

- işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər - əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər (bundan sonra – Şəxslər) təşkil edirlər;

- Şəxslərə məşğulluq imkanlarının artırılması üçün iş yerində təlim, o cümlədən peşəyönümü və peşəhazırlığı istiqamətində məsləhət xidmətləri göstərir;

- Şəxslərin peşə-əmək reabilitasiyası ilə bağlı tədbirləri həyata keçirir.

Bu Standartların 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlər işəgötürənin və ya işsizlikdən sığorta vəsaiti hesabına həyata keçirilə bilər.

Sosial müəssisələrdə Şəxslər üçün nəzərdə tutulan iş yerlərinə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya “DOST” mərkəzləri tərəfindən işçi göndərilmədiyi halda, sosial müəssisə tərəfindən həmin iş yerlərinə bu kateqoriyadan olan digər şəxslər işə qəbul edilə bilərlər.

Kvotadan əlavə iş yerləri:

- işəgötürənin vəsaiti, yaxud qanunla qadağan edilməyən digər mənbələr hesabına yaradıla bilər;

- müəssisədə əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz və müəssisədə mövcud olan daimi vakansiyalar əlavə iş yerləri hesab edilmir;

- iş yerlərinin sayı işəgötürən tərəfindən müəyyən edilir.

Kvotadan əlavə yaradılan iş yerlərinin sayı həmin müəssisə və təşkilatda kvota üzrə müəyyən edilmiş iş yerlərinin sayına təsir göstərmir.

Son xəbərlər

Orphus sistemi