​Siyavuş Novruzov: "YAP deputatlığa namizədlərinin siyahısını gələn həftə açıqlayacaq" - MÜSAHİBƏ

​Siyavuş Novruzov: "YAP deputatlığa namizədlərinin siyahısını gələn həftə açıqlayacaq" - MÜSAHİBƏ YAP icra katibinin müavini: "İdarə Heyəti gələn həftə toplanacaq və hər bir seçki dairəsindən deputatlığa namizədlərimiz təsdiq olunacaq"
Daxili siyasət
28 Avqust , 2015 16:27
​Siyavuş Novruzov: YAP deputatlığa namizədlərinin siyahısını gələn həftə açıqlayacaq - MÜSAHİBƏ

"YAP-ın bütün seçki dairələri üzrə namizədləri müəyyənləşib"

Bakı. 28 avqust. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun "Report"a müsahibəsi.

- YAP deputatlığa namizədlərinin siyahısını açıqlamaq üçün prezidentin sərəncamını gözləyirdi. Prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqda sərəncam imzalayıb. Seçki noyabrın 1-də olacaq. YAP İdarə Heyəti namizədlərini təsdiqləmək üçün nə zaman toplanacaq?

- YAP İdarə Heyətinin toplantısı gələn həftə keçiriləcək. Toplantıda hər bir seçki dairəsindən deputatlığa namizədlərimiz təsdiq olunacaq.

- İdarə Heyətinin həftənin hansı günü toplanacağı dəqiqləşibmi? 

- Dəqiqləşib. Amma bunu açıqlaya bilməyəcəm. Ümumi olaraq deyim ki, iclas gələn həftə olacaq və YAP-ın namizədləri təsdiqlənərək ictimaiyyətə açıqlanacaq. 

- Həftənin əvvəli, yoxsa sonunda? 

- Gələn həftə. İclasın gününü deməyə ehtiyac yoxdur. 

- YAP İdarə Heyətinin üzvlərinin bir hissəsi vəzifəli şəxslərdir. Onları qısa müddətdə iclasa toplamaq mümkün olacaqmı? İdarə Heyətinin üzvlərinə gələn həftə iclas olacağı barədə xəbər vermisinizmi? 

- Əvvəldən xəbər verməyə ehtiyac yoxdur. YAP İdarə Heyəti istənilən an bir saat müddətində toplana bilir.

- YAP-ın seçki ilə bağlı bundan sonra görəcəyi işlər nədən ibarət olacaq?

- Bundan sonra görəcəyimiz işlər səlahiyyətli nümayəndələrin təyin olunması, seçki hesabının açılması, namizədlərin təsdiq olunması üçün müvafiq sənədlərlə təmin edilməklə dairə seçki məntəqələrinə göndərilməsi, Mərkəzi Seçki Komissiyasının tələb etdiyi sənədlərin təqdim olunmasıdır. Partiyanın namizədləri üçün imza toplayacaq şəxsləri müəyyənləşdirmişik, onların da siyahısı hazırdır. Sənədlər seçki dairələrinə təqdim olunur və yoxlanılır, sonra isə imza vərəqələri verilir. Qanunvericiliyə görə, imzalar toplanılaraq müvafiq sənədlərlə namizədlərin qeydə alınması üçün dairə seçki komissiyalarına qaytarılır.

- YAP-ın neçə nəfər səlahiyyətli nümayəndəsi olacaq? 

- Hər seçki dairəsi üzrə iki səlahiyyətli nümayəndəmiz təyin olunacaq. 

- Bundan əvvəlki parlament seçkilərində YAP müxtəlif dairələrdən tanınmış ictimai-siyasi xadimlərin, mədəniyyət, incəsənət nümayəndələrinin seçilməsinə dəstək verib, onların qarşısına zəif namizədlər çıxarıb. Builki seçkidə də bu mümkündürmü?

- YAP-ın bütün seçki dairələri üzrə namizədləri müəyyənləşib. Bununla bağlı İdarə Heyəti hansı qərarı verəcəksə, ona uyğun hərəkət edəcəyik. Əgər İdarə Heyəti qərar qəbul etsə ki, hansısa dairədən YAP namizəd irəli sürməsin və o dairədən namizədliyini irəli sürən şəxs Azərbaycanda tanınmış ictimai-siyasi, mədəniyyət, incəsənət adamıdırsa və ona şərait yaradılmalıdır, buna əməl edəcəyik. Bizim seçki praktikamızda belə hallar olub.

Son xəbərlər

Orphus sistemi