Yuxarı
    Bağlamaq

    Siyavuş Novruzov: “Müxalifətin sosial bazası olmadığına görə mitinqin keçirilməsi üçün başqa ərazilər tələb edir”

    “Müxalifət həmin ərazilərdən ona görə istifadə etməyə çalışır ki, mitinqə aidiyyatı olmayan adamların da şəkillərini çəksinlər”© Report.az

    Bakı. 28 aprel. REPORT.AZ/ "Bakının hansı yerində mitinq keçirmək mümkündür, o yerlərdə aksiyaların keçirilməsinə razılıq verilir. Çünki burada mitinq iştirakçılarının təhlükəsizlik məsələsi var. Bilirsiz ki, dünyada bir sıra hadisələr baş verir. Yaxın Şərqdə baş verən hadisələri hər kəs görür. Mitinqdə iştirak edənlər siyasi baxışlarından asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyinin qorunması hüquq mühafizə orqanlarının üzərinə düşür. Bakı Şəhər İcra Hakimiyyəti də buna uyğun addım atır".

    Bunu "Report"a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

    S.Novruzov Milli Şuranın mitinq keçirilməsi üçün Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionundan başqa digər yerləri tələb etməsinə münasibət bildirərkən deyib ki, müxalifətin sosial bazası olmadığına görə mitinqin keçirilməsi üçün başqa ərazilər tələb edir: "Keçmiş "Məhsul" stadionunda keçirilən mitinqdə qəbul olunan qərarla başqa yerlərdə keçirilən mitinqdə qəbul olunan qərarların nə fərqi olacaq ki? Əgər tərəfdarların, sosial bazan varsa, dağın başında da mitinq keçirsən, ora gələcəklər. Əgər elektorat yoxdursa, mitinqi hansısa yerdə keçirməyinin mənası yoxdur. Milli Şura parkda mitinq keçirmək istəyir, bu da ona görədir ki, o parklarda istirahət edən adamlardan istifadə etsinlər, bu cür şəraitdə şəkil çəkdirirlər, Avropa dövlətlərinə, beynəlxalq təşkilatlara göndərirlər. Onlar adamların sayına görə qazanc əldə edirlər, guya bunları Azərbaycanda dəstəkləyən çoxdur. Milli Şuranın sosial bazası aprelin 8-də keçirdiyi mitinqdə göründü. Hamısı toplaşmışdı, stadionun bir hissəsi dolmamışdı. Mitinqlərin keçirilməsi üçün Bakının həm Səbail, həm də Yasamal rayonunda yer ayrılıb. Mitinqin keçirilməsinə o halda başqa yer ayrıla bilər ki, indiki yer balaca olsun. Keçmiş "Məhsul" stadionu mitinq keçirilməsi üçün əlverişli yerdir. Həmin ərazidə metro stansiyası, avtobus dayanacaqları var. Yəni, vətəndaşların iştirak üçün bütün şərait yaradılıb. Həmin ərazi yaşayış massividir. Stadionun təhlükəsizliyi də yüksək səviyyədə təmin olunur. Müxalifət vaxtilə Bakının Fəvvarələr meydanında aksiya keçirməyə cəhd edirdi. Həmin ərazidə gün ərzində 300 min insan hərəkət edir. Bunlar həmin ərazilərdən ona görə istifadə etməyə çalışırlar ki, mitinqə aidiyyatı olmayan adamların da şəkillərini çəksinlər. Çalışırlar ki, mitinqlərdə insanların sayı çox görünsün. Parklarda insanlar dincəlirlər, gündəlik işlərinin dalınca gedirlər. Müxalifətin sosial bazası olmadığına görə müxtəlif bəhanələr gətirirlər".

    YAP rəsmisi qeyd edib ki, müxalifətin mitinqlərin bazar günü keçirilməsinə israr etməsi doğru deyil: "Həftənin bazar günü insanlar istirahət edirlər. Şənbə günü də qeyri-iş günüdür. Deyirlər ki, guya insanlar şənbə günü işdə olduğuna görə mitinqə az adam gəlir. Bilirsiz ki, Azərbaycanda həftənin 5 günü iş olur, şənbə və bazar günləri iş olmur. Əgər insanlar istəsələr, mitinqə qatılarlar. Bazar günü mitinqlərin keçirilməsi düzgün deyil, həmin gün insanlar istirahət edir, qonaq gedir, müxtəlif işlərini görür. Bunların köhnəlmiş, naftalinləşmiş siyasətlərinə kimsə qoşulmaq istəmir. Azərbaycan hökuməti islahatlar aparır, ölkədə yeni iş yerləri açılır, abadlıq-quruculuq işləri görülür. Bakının hər rayonunda 20 bina tikiləcək, artıq proses başlayıb. Bu da 200-dən artıq binanın tikilməsi deməkdir. Təsəvvür edin, bu sahədə nə qədər insan çalışacaq. Azərbaycanda bir çox sahələr-pambıqçılıq, tütünçülük, üzümçülük inkişaf etdirilir. Bütün bunlar ortadadır. Cəmiyyət görür ki, dövlət, dövlət başçısı İlham Əliyev bu işləri görür. Yeni məktəblər, bağçalar tikilir. Bakıda 300-dən çox uşaq bağçasının tikintisi nəzərdə tutulub. Yəni, hündürmərtəbəli binaların birinci mərtəbəsi uşaq bağçası olacaq. Prezident İlham Əliyev bununla bağlı göstəriş verib. Yəni, problemlər bilinir və həll edilir. Müxalifət nə edir, nə danışır? 1990-cı illərdən başlayaraq eyni fikirləri səsləndirirlər. Bu fikirlərin nə siyasi, nə elmi, nə də fəlsəfi əsası var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi