​Siyavuş Novruzov: "Müxalifət partiyaları sosial bazaları olmadığından bələdiyyə seçkilərində iştirak edə bilmirlər"

​Siyavuş Novruzov: "Müxalifət partiyaları sosial bazaları olmadığından bələdiyyə seçkilərində iştirak edə bilmirlər" YAP-ın icra katibinin müavini: "Hansısa partiya bələdiyyə seçkilərində iştirak etmirsə, onun digər seçkidə qələbəçalma şansı azdır"
Daxili siyasət
3 Noyabr , 2014 13:53
​Siyavuş Novruzov: Müxalifət partiyaları sosial bazaları olmadığından bələdiyyə seçkilərində iştirak edə bilmirlər

Bakı. 3 noyabr. REPORT.AZ/ "Müxalifət partiyaları sosial bazaları olmadığından bələdiyyə seçkilərində iştirak edə bilmirlər".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bələdiyyə seçkilərinin siyasi partiyalar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib: "Siyasi partiya üçün ən vacib seçki bələdiyyə seçkiləridir. Çünki burada yerli funksionerlər iştirak edirlər, bu da partiya sıralarını möhkəmləndirir, seçki təcrübəsini artırır və siyasi fəaliyyətini daha da gücləndirir. Hansısa partiya bələdiyyə seçkilərində iştirak etmirsə, onun digər seçkilərdə qələbə qazanma şansı azdır".

S.Novruzov bildirib ki, müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirak etməməsi seçki prosesinə hər hansı əngəl törətməyəcək: "Seçkidə əsas məsələ alternativlikdir, bu gün kifayət qədər alternativ var. Azərbaycanda bələdiyyə seçkilərinə maraq böyükdür, bu baxımdan seçki aktivliyi yüksək səviyyədədir. Partiyamızda da bu istiqamətdə işlər aparılır".

Qeyd edək ki, bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Ümid Partiyası, Demokratik İslahatlar Partiyası (DİP), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Böyük Quruluş Partiyası (BQP) və Ana Vətən Partiyasının (AVP) səlahiyyətli nümayəndələri qeydə alınıb. Müsavat Partiyası və ADP bələdiyyə seçkilərində partiya şəklində deyil, fərdi namizədlərlə iştirak edəcək, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə seçkiyə qatılmayacaq.

Son xəbərlər

Orphus sistemi