Siyavuş Novruzov Milli Şuradan danışdı

Siyavuş Novruzov Milli Şuradan danışdı “Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, guya başqa xalqlar bizdən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünki cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması
Daxili siyasət
3346
13 Avqust , 2020 15:48
Siyavuş Novruzov Milli Şuradan danışdı
Siyavuş Novruzov

“Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, guya başqa xalqlar bizdən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünki cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması və xalqa münasibətini aşkar gördü”.

“Report” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, insanlardan mandat, səs istəyən birinin bizim xalq haqqında bu cür düşüncəyə sahib olması təəssüf hissi doğurur:

“Bu anormal fikri özünə tarixçi deyən biri səsləndirir. Əslində o yalançı tarixçidir. Azərbaycan, bu xalq demokratik cümhuriyyət quranda çox ölkədə heç müstəqil dövlət belə yox idi. Azərbaycanda qadınlara seçki hüququ veriləndə indi sığınıb qrantlar aldıqları Amerikada bunlar mövcud deyildi. Okeanın o tayında sənin qabağına bir tikə çörək atırlar deyə bu xalqı aşağılamalısanmı?”

Deputat deyib ki, toplantıda cəmiyyətimizi qıcıqlandıran yalnız Cəmil Həsənlinin "şüursuz xalq" fikri olmayıb, səviyyəsiz hərəkətlər də diqqətdən yayınmır:

“Biri deyir ayağını qaldır ayağını görək, kəlləndə baxılmalı heç nə yoxdur, digəri trolluq fəaliyyətlərini ifşa edərək Əli Kərimli adından buna görə təşəkkürlər yağdırır və s. Qısası, ora əxlaqdan, mənəviyyatdan, tərbiyədən kənar insanlar toplaşıblar. Əvvəllər toplantılarında çıxışları qapalı qalırdı deyə insanlarımız onların əsl simasını, düşüncə tərzlərini görmürdülər. İndi bayağı söhbətlərlə əslində hansı səviyyəyə malik olmaları onlayn konfranslardakı çıxışları ilə üzə çıxır. Özü də bu ilk dəfə deyil ki, xalqımıza qarşı aqressiv olmaları görünür. Hər dəfə bu milləti aşağılayırlar. Ötən dəfə Gültəkin Hacıbəyli ağzına gələni danışaraq virusun çəkilməsinin onlara sərf etmədiyini deyirdi ki, insanlarda narazılıq artsın və s. İnsanlar virusdan əzizlərini itirirlər. Hamı bu bəlanın tezliklə çəkilməsini arzuladığı vaxtda bunlar çıxıb deyir ki, yox, elə millət bu halda qalsa yaxşıdır. Bilirsiniz niyə bu cür yanaşmanı ortaya qoyurlar? Açıq deyəcəyəm, çünki bu xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər. Təbii ki, belə olan təqdirdə erməni maraqlarına xidmət etməli, düşmənin də ideoloqlarının, pul paylayanlarının tapşırıqlarını yerinə yetirməli idilər. Bu tapşırıqlardan biri də odur ki, mütəmadi olaraq millətinizi alçaltmaq lazımdır. Dağlıq Qarabağda qondarma seçki keçiriləndə biri də səsini çıxarmadı. Amerikadaydın, Ağ Evin qarşısına çıxıb özünə od vurardın, etiraz edərdin. Canını çox sevirsənsə, bir şüar hazırlayıb meydana çıxardın ki, ədalətin tərəfindəsən. Əksinə olaraq Tovuz hadisələri zamanı Azərbaycan əleyhinə olan şüarlar hazırlayıb aksiya təşkil etmişdilər. Özü də bunların başında duran atası və anası erməni olan Arif Yunusdur. Bütün ayrılmış qrantları, çirkli pulları o paylayır. Ermənilərdən, onlara bağlı təşkilatlardan əldə etdiyi maliyyəni birbaşa gətirib paylayan Arifdir deyə, tapşırıqları da o verir ki, harada xalqı aşağılayacaqsınız, harada nə formada aksiya keçirəcəksiniz və ya hansı maraqları güdəcəksiniz. Radikallar da onun qarşısında bu səbəbdən quzu kimi görünürlər”.

Orphus sistemi