Yuxarı
    Bağlamaq

    Siyavuş Novruzov: “Milli Şurada toplaşanların əksəriyyəti ayrı-ayrı ölkələrin diktəsi ilə hərəkət edən insanlardır”

    “Cəmiyyət 150 adamın mitinq keçirərək qışqırmasını sifariş etmir”© Report.az

    Bakı. 30 mart. REPORT.AZ/ "Milli Şura adlanan dərnəyin heç sosial bazası, elektoratı yoxdur. Bu, insanların unutduğu təşkilatdır. Nə təşkilat olan vaxtı özünü doğrultdu, dəstək qazana bildi, nə də ondan sonrakı dövrdə. Ona görə də keçirdikləri mitinq cəmiyyət tərəfindən dəstək qazana bilməz".

    Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

    O qeyd edib ki, Milli Şurada olan partiyaların böyük hissəsi oranı tərk edib, bir-iki təşkilat qalıb, və nəticədə Şura mənasız birliyə çevrilib: "Milli Şurada toplaşanların böyük əksəriyyəti ayrı-ayrı ölkələrin diktəsi ilə hərəkət edən insanlardı. Ona görə ki, maddi dəstək alırlar. Onlar "Siyası məhbus" adı altında sənəd verərək pul almaqdan tutmuş, bütün anti-Azərbaycan mövqeyində olan qüvvələrin dəstəklənməsinə qədər hər cür hərəkət edirlər. Bu da cəmiyyətin gözü qarşısındadır. Təbii ki, insanlar onlara dəstək verməyəcəklər. Çünki onların məqsədləri, maraqları bəllidir. Ermənistanda baş verən hadisələr, ictimai-siyasi sabitliyin pozulması, seçkiöncəsi anti-demokratik mühit, seçicilərin pulla ələ alınması, namizədlərə qarşı təzyiqlər, həbslər, ölümlə hədələmələr fonunda Azərbaycanda nələrisə qarışdırmağa çalışırlar. Göstərməyə çalışırlar ki, Azərbaycanda da guya vəziyyət çətindir. Erməni lobbisi öz əlaltılarına 5-10 manat pul verərək mitinq keçirmək göstərişi verir. Qərbə və Ermənistan cəmiyyətinə göstərməyə çalışırlar ki, baxın, siz kimlə Dağlıq Qarabağ problemini həll edərək iqtisadi əməkdaşlıq qurmaq istəyirsiniz. Yəni, guya Azərbaycanın özündə bu gün ciddi problemlər var, müxalifət də mitinq keçirir. Mitinq keçirilməsinin əsas səbəbi budur".

    YAP rəsmisi qeyd edib ki, mitinqin keçirilməsi üçün heç bir sosial sifariş yoxdur: "Sosial sifarişi onlara kim verib? Bunların cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Virtual məkan cəmiyyət demək deyil. Xaricdə kimsə bunlarla "Həsən", Hüseyn" adından yazışırsa, bu, cəmiyyətin nümayəndəsi demək deyil. Onlar cəmiyyət arasına çıxa bilmir, çünki qəbul olunmurlar. Xalq onlara mandat verməyib ki, kiminsə adından danışsınlar. Özləri öz adları ilə danışa bilmir... Misal üçün, Azərbaycan Xalq Cəbhəsi Partiyası 3-4 yerə parçalanıb, sədr müavinləri rəhbərlik etmək iddiasına düşüblər. Ümumiyyətlə, Əli Kərimlinin 5-6 qohum-əqrabasından başqa həmin təşkilatda adam qalmayıb. Ona görə də özünü Milli Şuraya qoşub ki, guya mübarizə aparır. Deyirlər, mitinq sifarişdir. Bəli, erməni lobbisinin sifarişidir. Yəni, cəmiyyət heç bir sifariş verməyib. Azərbaycanı istəməyən, ermənipərəst qüvvələr sifariş veriblər. Onlar da sifarişi yerinə yetirirlər. Azərbaycan cəmiyyəti hazırda qeyri-neft sektorunun - pambıqçılığın, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, abadlıq-quruculuq işlərinin aparılması ilə məşğuldur. Azərbaycan hökuməti, cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi bu işləri icra edir. Bilirsiz ki, Azərbaycanın Birinci vitse-prezienti Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin işə cəlb edilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması və yeni mənzillərlə təmin olunması ilə bağlı tapşırıqlarını verib. Hökumət bu işlərlə məşğuldur. Cəmiyyət 150 adamın mitinq keçirərək qışqırmasını sifariş etmir".

    Qeyd edək ki, Milli Şura aprelin 9-na mitinq təyin edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi