Yuxarı

Siyavuş Novruzov: “Mətbuatın cəmiyyətdə rolu böyükdür”

“Dövlət mətbuata diqqət və qayğı göstərir”

Bakı. 21 iyul. REPORT.AZ/ “Dövlət mətbuata diqqət və qayğı göstərir. Bu da medianın inkişafına təkan verir”.

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, mətbuatın cəmiyyətdə rolu böyükdür: “Hər bir insan mətbuatla ünsiyyətdədir. Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında medianın rolu böyükdür. Kütləvi İnformasiya Vasitələri dördüncü hakimiyyətdir. Hər bir fikrin formalaşması üçün medianın rolunu xüsusi qeyd etmək lazımdır”.

YAP icra katibinin müavini Azərbaycan mətbuatının digər ölkələrin media orqanlarından fərqləndiyini vurğulayıb: “Azərbaycanın 20 faiz torpağı işğal olunub, 1 milyona yaxın qaçqın və məcburi köçkünü var. Ölkə mətbuatı bunu nəzərə alır, fəaliyyətini bu istiqamətdə qurur”.

O qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur: “Dünyada böhran baş verib, bu, müəyyən qədər Azərbaycana da təsir edir. Amma ölkəmiz 20 illik fəaliyyətin nəticəsi olaraq bu böhrandan çıxa bilir”.

Onun sözlərinə görə, aprel döyüşlərində media Azərbaycan dövlətinin yanında olub: “Ümid edirik ki, Azərbaycan mediası yaxın vaxtlarda Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı xəbərləri dərc edəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi