Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mətbuatda qadın ölümü ilə bağlı xəbər çoxluğuna görə narahat olduğunu bildirib.
“Report”un məlumatına görə, S.Novruzov parlamentin bugünkü plenar iclasında çıxışında deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi xəbərləri gəlir.
“Hər gün mətbuatda şahidi oluruq ki, kişi həyat yoldaşını öldürdü, qaynata gəlinini güllələdi, qardaş bacısını baltaladı və s. Hesablamışam, elə gün olur ki, Azərbaycanda 7 qadın öldürülür, elə gün də olur ki, 2 qadın qətlə yetirilir. Orta hesabla günə 3-dən götürsək, bir ildə 1000-dən artıq qadın bu və ya digər məsələnin qurbanına çevrilir”, - deputat vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, burada “Tik-tok”-un və digər texnologiyaların rolu var: "Bu məsələ araşdırılmalıdır. Belə cinayətlər istənilən yerdə - küçədə, konsert salonlarında və digər yerlərdə baş verir. Əvvəl bu kimi hadisələr şəhərdə idisə, indi kənd yerlərində də belədir. Məsələn, bir kişi Rusiyaya gedir və qayıdan kimi birinci həyat yoldaşını öldürür. Yaxud da xaricə gedir və ailəsi ilə maraqlanmır, qayıdanda isə ya arvadını, ya da bacısını öldürür. Televiziyada bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər”.