Siyavuş Novruzov: "Azərbaycandakı şəffaf vəziyyət onlara sərf eləmir"

Siyavuş Novruzov: "Azərbaycandakı şəffaf vəziyyət onlara sərf eləmir" "Biz də istəmirik ki, Azərbaycanda olan qeyri-hökumət təşkilatları xarici kəşfiyyatdan, erməni lobbisindən maliyyə dəstəyi alsın"
Daxili siyasət
11 Sentyabr , 2015 18:04
Siyavuş Novruzov: Azərbaycandakı şəffaf vəziyyət onlara sərf eləmir

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir. Onu səsverməyə çıxaranlar və səs verənlər erməni lobbisi ilə bağlılığı olan insanlardır".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, avropalı deputatların bir çoxu adları qətnaməyə daxil edilən şəxslərin kimliyindən xəbərsiz olublar: "Avropa Parlamentində Azərbaycanla bağlı məsələ gündəliyə çıxarılanda müzakirələrə 40-50 deputat qoşulur. İndi isə Rusiya məsələsini gündəliyə salıblar və parlament üzvlərinin böyük əksəriyyəti iclasda iştirak edib. Rusiya məsələsindən sonra Azərbaycanla bağlı mövzunu gündəmə gətirməklə qətnamə qəbul ediblər. Bunu qəsdən ediblər ki, deputatlar zalı tərk etməsin. Burada erməni dəsti-xətti, sapı özümüzdən olan baltaların izləri görünür. Qətnamə tam qərəzlidir, obyektivlikdən kənardır. Orada qeyd edilən müddəaların heç biri həqiqətə uyğun deyil".

S.Novruzov qeyd edib ki, sənəddə jurnalistlər, qeyri-hökumət təşkilatları ilə bağlı qoyulan məsələlər reallıqdan kənardır: "Avropa dövlətləri öz ölkələrində olan qeyri-hökumət təşkilatlarına nəzarət edə bilər, Azərbaycan edə bilməz? Biz də istəmirik ki, Azərbaycanda olan qeyri-hökumət təşkilatları xarici kəşfiyyatdan, erməni lobbisindən maliyyə dəstəyi alsın. Bu sahədə şəffaflığın təmin olunmasına çalışırıq. Bununla bağlı qanunvericilikdə dəyişiklik olundu və qrant alan hər bir təşkilat maliyyəni verən mənbəni açıqlamalıdır. Burada mənfi cəhət nədən ibarətdir? Azərbaycandakı bu cür şəffaf vəziyyət onlara sərf eləmir. Çünki qrant verən təşkilat maliyyənin bir hissəsini mənimsəyir. Qrantlar təyinata uyğun deyil, tamam başqa məqsədlər üçün istifadə edilir, ölkənin ərazisində iğtişaşların törədilməsinə, ictimai-siyasi sabitliyin pozulmasına yönəldilir, ayrı-ayrı siyasi partiyaların maliyyələşməsinə sərf olunur. Qətnamədə adları qeyd olunan Leyla və Arif Yunuslar Azərbaycanda kəşfiyyat fəaliyyəti ilə məşğul olublar, bunu da istintaq sübut edib. Qətnamədə jurnalistlərlə bağlı məsələ də qaldırılıb. Azərbaycanda heç bir jurnalist peşə fəaliyyətinə görə həbs edilmir. Onlar konkret cinayət əməlinə görə tutulub. Jurnalistin, araşdırmaçının peşəsi onu törətdiyi cinayətdən sığortalamır".

Azərbaycandakı siyasi partiyaların, demokratik təsisatların bu qətnaməyə etiraz etdiyini deyən YAP icra katibinin müavini vurğulayıb ki, bu gün ayrı-ayrı dövlətlərdə, eləcə də Ermənistanda insanların öldürülməsinə, sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulmasına baxmayaraq, indiyədək Avropa Parlamenti bir dəfə də olsun, bu məsələləri müzakirəyə çıxarmayıb: "Azərbaycanda olmayan məsələnin şişirdilərək bu səviyyəyə çatdırılması qərəzin nümunəsidir. Biz bu qərara etiraz edirik. Hesab edirik ki, Avropa öz dəyərlərindən tamamilə uzaqlaşıb. Avropa Parlamentinə, Avropa İttifaqına daxil olan dövlətlər ərəb ölkələrində, Afrikada insan hüquqlarının pozulmasına, günahsız insanların qətlinə görə məsuliyyət daşıyırlar. Çünki bu işlərin günahkarı, baiskarı onlardır. Belə olan halda onlar hansı haqla başqa bir ölkənin daxilində baş verənlərlə bağlı qərar verə bilər? Ağır həyat şəraitinə görə Avropaya qaçan miqrantlara divan tuturlar. Avropa ölkələrinin rəhbərləri deyirlər ki, xristian miqrantları qəbul edəcəyik, müsəlmanları isə yox. Dini, etnik ayrı-seçkilik yaradan dövlətlər necə obyektiv qərar qəbul edə bilər? Onların qərarlarının heç bir hüquqi əsası yoxdur".

Qeyd edək ki, sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. 

Son xəbərlər

Orphus sistemi