​Sərsəng su anbarı ilə bağlı beynəlxalq müşahidə qrupu yaradıla bilər

​Sərsəng su anbarı ilə bağlı beynəlxalq müşahidə qrupu yaradıla bilər Milica Markoviç Milli Məclisdə Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri ilə görüşüb
Daxili siyasət
24 Avqust , 2015 18:45
​Sərsəng su anbarı ilə bağlı beynəlxalq müşahidə qrupu yaradıla bilər

Bakı. 24 avqust. REPORT.AZ/ Bu gün Milli Məclisdə Sərsəng su anbarının vəziyyətini öyrənmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin komitə sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı Səməd Seyidov Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi mövzusu üzrə qurumun məruzəçisi xanım Milica Markoviçin başçılıq etdiyi nümayəndə heyətinin isti yay günlərində Azərbaycana gəlişini yüksək dəyərləndirib. Sərsəng su anbarının Ermənistanın işğalı altında olması nəticəsində 400 min soydaşımızın, qaçqın və köçkünün suvarma suyundan məhrum olduğunu, humanitar fəlakət şəraitində yaşadığını bir daha diqqətə çatdırıb, vəziyyəti yerindəcə görüb dəqiqləşdirmələri üçün faktaraşdırıcı missiyaya hər cür şərait yaratmağa hazır olduqlarını bildirib. O, işğalçı Ermənistanın qəsdən AŞPA təmsilçilərinə bölgəyə getmək üçün şərait yaratmadığını vurğulayıb.

Görüşdə “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsi” mövzusu üzrə AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç yay tətili günlərində onlarla görüşə vaxt ayıran Azərbaycan deputatlarına minnətdarlığını bildirib. Ölkəyə ötən ilin dekabrında etdiyi ilk səfərdən sonra Sərsəng ərazisinə baş çəkmək məqsədilə Ermənistana da müraciət etdiyini və indiyədək heç bir cavab ala bilmədiyini deyib. Problemə açıq münasibət bəsləyən Azərbaycan tərəfin mövqeyinə və Sərsənglə bağlı təqdim etdiyi materiallara görə razılığını bildirib. Problemin həlli istiqamətində nəzərdə tutduğu təklifləri diqqətə çatdırıb.

Görüşdə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva fikirlərini bölüşüblər. XXI əsrdə insanın sudan məhrum edilməsinin əsl işgəncə olduğu vurğulanıb. Sərsəng su anbarının ətrafında beynəlxalq müşahidə qrupunun yaradılması barədə Milica Markoviçin irəli sürdüyü təklif dəstəklənib.

Görüşün yekununda AŞPA məruzəçisi səfər proqramı barədə məlumat verib, hökumət nümayəndələri ilə görüşlərdən sonra bölgəyə yollanacaqlarını bildirib. Xanım M.Markoviç qarşıdakı parlament seçkiləri ilə əlaqədar azərbaycanlı həmkarlarına uğurlar diləyib.

Son xəbərlər

Orphus sistemi