Səngəçal Dəniz Limanında iki gəminin bort-borta körpüyə yanalması qadağan edilib

Səngəçal Dəniz Limanında iki gəminin bort-borta körpüyə yanalması qadağan edilib Bakı. 13 noyabr. REPORT.AZ/ Səngəçal Dəniz Limanında gəmilərin liman akvatoriyasının girəcəyində və akvatoriyasında sürət həddi və üzmə qaydaları müəyyənləşib.
Daxili siyasət
13 noyabr 2018 07:18
Səngəçal Dəniz Limanında iki gəminin bort-borta körpüyə yanalması qadağan edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Səngəçal Dəniz Limanında gəmilərin liman akvatoriyasının girəcəyində və akvatoriyasında sürət həddi və üzmə qaydaları müəyyənləşib.

“Report” xəbər verir ki, bununla bağlı “Səngəçal Dəniz Limanı üzrə məcburi Qaydalar” təsdiq edilib.

Sənədi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə imzalayıb.

Qaydaların 4-cü (Gəmilərin liman akvatoriyasının girəcəyində və akvatoriyasında sürət həddi və üzmə qaydaları) maddəsinə əsasən, gəmi heyəti üzvləri liman akvatoriyasında və onların girəcəklərində, o cümlədən kanal üzrə hərəkət edərkən, hərbi və dənizin dibini dərinləşdirən gəmilərlə sovuşma xüsusiyyətlərini nəzərə almalıdır.

Limana daxil olan gəmi limandan çıxan gəmilərə və aşağıdakı gəmilərə yol verməlidir:

1. idarə olunmayan və ya manevr imkanı məhdud olan və işıq və işarələri qaldıran gəmilərə,

2. gəminin suya oturumu nəticəsində hərəkəti məhdudlaşan və işıq və işarələri qaldıran gəmilərə.

3. Əgər gəmilərin dar keçidləri eyni zamanda mümkün deyilsə və ya təhlükəlidirsə, bu zaman yol verməli olan gəmi digər gəmidən təhlükəsiz məsafədə duraraq onun keçidinə imkan yaratmalıdır.

Dar keçidlərdə xüsusi və ya dibdərinləşdirici işlərlə məşğul olan gəmilərdən sovuşmaq üçün sürət azaldılmalı və onlardan sərbəst keçid haqqında əvvəlcədən razılıq alınmalıdır. Razılıq alınmadığı təqdirdə, bu gəmilərdən sovuşmaq qəti qadağandır.

Təhlükəli dalğanın yaranmaması məqsədilə kapitan aşağıdakı hallarda gəminin sürətini vaxtında azaltmalıdır:

1. yedək karvanından və kiçikhəcmli gəmilərdən yan keçərkən,

2. işlək vəziyyətdə olan üzən kranların, körpülərin, körpüyə yan almış gəmilərin yaxınlığından keçərkən,

3. lövbərə dayanmış və ya saya oturmuş gəminin yaxınlığından keçərkən,

4. sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlər görülən yerlərdən keçərkən,

5. dibdərinləşdirici işlərlə məşğul olan gəmilərin yaxınlığından keçərkən,

6. körpüdə və ya lövbərdə dayanan gəmidə olan salların, pontonların və ya içərisində adam olan qayıqların yaxınlığından keçərkən.

Liman akvatoriyasında gəmilərin bir-birini ötməsi qadağandır.

Gəmilərin limana girişi və çıxışı zamanı liman akvatoriyasında və kanalda hərəkət yalnız bir istiqamət üzrə həyata keçirilir.

Aşağıdakı hallar istisna olmaqla, liman akvatoriyasında, limanın girişində və kanalda lövbərə dayanmaq qadağandır:

1. hərəkəti davam etdirmək üçün açıq-aydın təhlükə olduqda,

2. texniki nasazlıq nəticəsində gəmi dayandıqda,

3. keçid digər gəmilər tərəfindən bağlandıqda.

Liman akvatoriyasında, limanın girişində və kanalda lövbərə dayanmağa məcbur olan gəminin kapitanı dərhal GHİX-ə gəminin adı, lövbərdə dayanma koordinatları və səbəbi barədə məlumat verməlidir.

Radiolokasiya stansiyası və ultraqısa dalğalı rabitə avadanlığı ilə təchiz olunmayan və ya bu avadanlıqları nasaz olan gəmilərin məhdud görmə şəraitində və gecə vaxtı hərəkəti qadağandır.

İstənilən istiqamətli küləyin sürəti 20 m/san-dən artıq olduğu hallarda gəmilərin liman akvatoriyasında üzməsi qadağan edilib.

Təsdiqlənən qayda ilə gəmilərin limanda dayanma qaydaları və onların dayanacaq yerləri də müəyyən edilib.

Gəmi kapitanı limana girişdən əvvəl məlumat vermədikdə, limanda dayanarkən liman vasitələrinin mühafizəsi üzrə məsul şəxsi gəminin mühafizəsi üzrə görülən tədbirlər barədə məlumatlandırmalıdır. Həyata keçirilən hər bir tədbirin liman vasitələrinin mühafizəsi üzrə məsul şəxslə razılaşdırılmaqla və gəminin mühafizəsi üzrə məsul olan komandir heyəti üzvü ilə birgə həyata keçirilməsini təmin etməlidir. Limanda dayanarkən gəmi kapitanı və heyət üzvləri limanda qüvvədə olan qaydalara, o cümlədən liman kapitanının göstərişlərinə əməl olunmasını təmin etməlidir. Liman kapitanının, dispetçer xidmətinin və limanın mühafizə xidmətinin limanda dayanma ilə əlaqədar göstərişləri aidiyyətindən və tabeliyindən asılı olmayaraq, gəmi kapitanı və gəmi sahibləri üçün məcburidir.

Limanda dayanmış gəmidə qəza və yanğın əleyhinə vasitələr saz və istifadəyə hazır vəziyyətdə saxlanılmalıdır. Liman körpülərində gəmilərin yanalma əməliyyatlarının həyata keçirilməsi zamanı körpü stenderləri körpü xəttindən təsdiq olunmuş sxemə uyğun kənarlaşdırılır. Yanalma əməliyyatları zonasında bütün işlər və nəqliyyatın hərəkəti dayandırılır. Günün qaranlıq vaxtı körpü tam işıqlandırılmalıdır. Xarici dövlətin bayrağı altında üzən gəmilər körpülərə yanalma zamanı yedəkçi gəmilərdən istifadə etməlidir. Gəmiləri yanalma üçün təyin edilməmiş hər hansı bir qurğunun hissəsinə bağlamaq qadağandır. İki və daha artıq gəminin eyni zamanda qonşu körpülərə yanalması və ya körpüdən aralanması qadağandır. Yanalma əməliyyatına kənar şəxslərin cəlb olunması qadağandır. Yanalma əməliyyatlarının rəhbəri gəmi ilə sabit rabitə əlaqəsi ilə təchiz olunmalıdır. Gəminin körpüyə yanalması üçün körpü sahibi yanalma əməliyyatının rəhbəri ilə birgə gəminin tam tutumundan asılı olaraq, yanalma əməliyyatı işçilərinin say həddini müəyyən edir. İki gəminin paralel bort-borta olduğu halda onların körpüyə yanalması qadağandır. Gəmidən gəmiyə bunker yanacağının verilməsi əməliyyatları yalnız liman kapitanının və liman dispetçerinin icazəsi ilə həyata keçirilə bilər. Bunker əməliyyatlarını həyata keçirən gəmilər gecə vaxtı ştat işıqlarından əlavə ən azı 2 mil məsafədən görünən yerdə bir qırmızı işıq yandırmalı, gündüz isə “Bravo” bayrağını qaldırmalıdır. Körpüdə dayanmış gəminin kapitanı dənizin üst səthinin, dibinin və körpünün çirklənməsinin qarşısının alınması üçün zəruri tədbirlər görməlidir. Yanalma əməliyyatı sona çatdıqdan sonra gəminin istifadə olunmamış lövbərləri yerinə yığılmalı və lövbər zəncirləri isə stoporlarla bağlanılmalıdır. Gəmidən körpüyə və ya əksinə keçid trapları bütün təhlükəsizlik qaydalarına cavab verməlidir. Günün qaranlıq vaxtı körpüdə dayanmış gəminin göyərtələrinin müvafiq səviyyədə işıqlanması təşkil olunmalıdır. Gəminin ölçüsündən və mənsubiyyətindən asılı olmayaraq trapın yanında növbətçi olmalıdır. Növbətçinin liman kapitanı, liman dispetçeri, limanın mühafizə xidməti, limanın yanğından mühafizə və tibb xidməti ilə mütəmadi rabitə əlaqəsi təmin olunmalıdır. Gəmidən sahilə və əksinə keçməyə yalnız trap vasitəsilə icazə verilir. Gəmi traplarının texniki vəziyyətinə və təhlükəsiz istifadəsinə gəmi kapitanı cavabdehlik daşıyır. Gəmiyə sahildən verilmiş trapın texniki vəziyyətinə isə körpü sahibi cavabdehdir. Körpüdə dayanmış gəmidə liman kapitanının icazəsi olmadan yük oxları, trapları, qayıq və digər vasitələri sallanmış vəziyyətdə saxlamaq qadağandır. Körpüdə dayanan gəmiyə gəmi qayıqlarını bortun yanında saxlamaq, həmçinin bortdan kənara çıxarmaq və suyadək endirmək qadağandır. Gəminin təhlükəsiz istismarı ilə bağlı işlərin həyata keçirilməsi ilə əlaqədar qayıq və ya digər üzən vasitələrin suya salınması yalnız liman kapitanından yazılı razılıq alındıqdan sonra həyata keçirilə bilər. Yük əməliyyatları zamanı gəminin yana meyli (kren) 2 dərəcədən artıq olmamalıdır. Limandan çıxan iritonnajlı gəmilər öz mühərrikləri ilə körpülərin yaxınlığında manevr etməməli və bunun üçün yedək gəmilərindən istifadə etməlidirlər. Gəmi bilavasitə körpüdə dayanarkən, mühərriklərin qızdırılması üçün dirsəkli vintlər ən kiçik dövrlərdə işlədilməlidir. Gəmi kapitanı nəzərdə tutulan dayanacaq yerinin dəyişdirilməsi haqqında limanın növbətçi dispetçeri tərəfindən 1 saatdan gec olmamaq şərti ilə xəbərdar edilməlidir. Gəminin bir körpüdən digərinə yerləşdirilməsinə və ya reydə çıxarılmasına yalnız gəminin bayrağı altında üzdüyü dövlət tərəfindən təsdiq edilmiş gəminin minimum heyət tərkibinin mövcud olduğu hallarda icazə verilir. Gəmilərin (naviqasiya xidmətlərini göstərən gəmilər istisna olmaqla) limanın ərazisində və ya akvatoriyasında yerləşən naviqasiya vasitələrinə yanalması qadağandır. Balastla olan yük gəmilərinin yer dəyişdirilməsi küləyin sürəti 16 m/san-dən artıq olmadığı hallarda həyata keçirilə bilər. Uzunluğu 150 metrdən az olan iki pərli və köməkçi sükan qurğusu ilə təchiz olunan gəmilər yanalma əməliyyatlarında yedək gəmilərinin yardımından liman kapitanı tərəfindən azad oluna bilər. Uzunluğu 100 metrdən artıq olan iki pərli və köməkçi sükan qurğusu ilə təchiz olunan xarici dövlətin bayrağı altında üzən gəmilər bir yedək gəmisindən istifadə edə bilər. Gəminin körpüyə yanalması zamanı gəminin diametral səthi və körpünün xətti arasında yaranan bucağın göstəricisi 15 dərəcədən artıq təşkil etməməlidir. Gövdəsi liman körpüsünün xəttindən çıxan gəminin körpüyə yanalması yalnız liman kapitanının icazə ilə həyata keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi