Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq - SƏRƏNCAM

Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq - SƏRƏNCAM Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
9 İyul , 2019 16:43
Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un xəbərinə görə, sərəncam Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib. 

Şəmkir şəhərində Fərman Salmanovun heykəli ucaldılacaq. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adı veriləcək.

Qeyd edək ki, Fərman Salmanov 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini bitirib. 1961-ci ildə Megion yatağını kəşf edib.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak edib. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə - "Qlavtumengeologiyaya" rəhbərlik edib.

1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləyib.

Daha sonra Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışıb.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilib.

2007-ci ildə Rusiyada vəfat edib. 

2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

Son xəbərlər

Orphus sistemi