Şəkidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, əvvəlcə rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Usubov, Milli Məclisin deputatları Əli Məsimli və Vüqar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra konfrans başlayıb.
Tədbirdə dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Şəki RİH-in başçısı E.Usubov qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan danışıb.
Eyni zamanda o, demokratik, hüquqi dövlət quruculuğu, ölkəmizin qüdrətlənməsi, bugünkü Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olmasından, ölkənin iqtisadi qüdrətinin artması Ulu Öndərin müstəqil siyasət yeritməsindən və əhalinin rifah halının ildən-ilə yüksəlməsindən söz açıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.





